BAYRAQDAR MEDİA – Türk dünyasının mədəni irsini dünyaya tanıtmaq məqsədi daşıyan Beynəlxalq Korkut Ata Film Festivalı bu il Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
Bu barədə Kırım Haber Ajansı xəbər verir ki, festival noyabr ayında keçiriləcək və türk dünyasının sənət zənginliyini səhnəyə çıxaracaq: “Festivalın ən diqqət çəkən hissələrindən biri də Türk Dünyası Kino Zirvəsi olacaq. Kino idarəçiləri, media nümayəndələri və tanınmış aktyorların qatılacağı sammitdə türk kinosunun gələcəyi ilə bağlı mühüm müzakirələr aparılacaq, yeni ideyalar irəli sürüləcək”.
Məlumata görə festival çərçivəsində 6 ölkədən 24 film yarışacaq: “Bundan əlavə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türkmənistan xalqına hədiyyə etdiyi Mahtumqulu Firakın həyatından bəhs edən film xüsusi nümayiş kimi tamaşaçıların görüşünə gələcək. Bu xüsusi nümayiş festivalın mühüm məqamlarından biri kimi diqqət çəkəcək”.
Xəbərdə o da qeyd edilib ki, festivalda filmləri qiymətləndirəcək iki ayrı 12 nəfərlik münsiflər heyəti olacaq: “Bu münsiflər heyəti filmləri geniş aspektdən araşdıracaq və qalibləri müəyyən edəcək. Builki Korkut Ata Film Festivalı türk dünyasının kino və mədəni zənginliyini ortaya çıxaracaq və beynəlxalq platformada türk kinosunun gücünü bir daha sübut edəcək”.









