BAYRAQDAR MEDİA – Vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, xidmətin optimallaşdırılması, həmçinin laborator analizlərin nəticələrinin daha rahat şəkildə təqdim edilməsi istiqamətində TƏBİB-in tabeliyindəki Rəqəmsal Tibbi Həllər İdarəsi tərəfindən işlər aparılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya TƏBİB-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi olaraq “mygov” rəqəmsal hökumət platforması vasitəsi ilə vətəndaşların laborator analizlərinin nəticələri “e-tabib” mobil tətbiqi ilə paralel olaraq, “mygov” rəqəmsal hökumət plarformasına da inteqrasiya olunub. Məqsəd məkandan asılı olmayaraq laborator müayinə nəticələrinə əlçatanlığı təmin etmək, habelə vətəndaşların növbələrdə gözləməsi hallarını minimuma endirmək və tibbi xidmətlərdən istifadə rahatlığını təmin etməkdir”.
Sonra xəbərdə, “bununla da vətəndaşlar vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən onlayn formada laborator analizlərinin nəticələrini öyrənə biləcəklər. Bunun üçün “mygov” rəqəmsal hökumət portalının mobil tətbiqində və eləcə də www.my.gov.az internet səhifəsində “Xidmətlərim” bölməsinə daxil olmaqla “Tibb məlumatlarım” hissəsinə keçid etmək lzımdır. Burada açılan “Laborator analizlər” pəncərəsindən nəticələri elektron formada əldə etmək, telefonun və kompüterin yaddaşına köçürmək mümkündür. Yaxın müddətdə “Tibb məlumatlarım” bölməsində vətəndaşlara göstərilən digər tibbi xidmətlərin nəticələrinin də inteqrasiya edilməsi nəzərdə tutulub” deyə bildirilir.
Qeyd edək ki, “e-tabib” mobil tətbiqinə daxil olaraq “Laboratoriya” bölməsinə keçid etməklə də laborator analizlərin və eləcə də digər tibbi xidmətlərin nəticələri ilə tanış olmaq mümkündür.