BAYRAQDAR MEDİA – Yanvarın 14-də Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin 85 illiyi münasibəti ilə yubiley gecəsi keçirilib.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə qeyd olunur.
Xəbərdə deyilir ki, “gecədə kino tədqiqatçısının həyat və fəaliyyətini özündə əks etdirən fotosərginin açılışı olub. Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edən nazir müavini Səadət Yusifova Azərbaycan kino tarixinin araşdırılmasında A.Kazımzadənin xidmətlərindən bəhs edib, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğulayıb. Azərbaycan Kinematoqrafçılar İttifaqı adından birinci katib, Xalq artisti Şəfiqə Məmmədova, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adından qurumun direktoru Azər Quliyev A.Kazımzadəyə təbriklərini çatdırıblar”.
Sonra xəbərdə, “tədbirin aparıcısı Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev A.Kazımzadənin çoxşaxəli fəaliyyətindən danışaraq onun Azərbaycan kinosunun təbliğatı ilə bağlı xüsusi xidmətlərinin olduğunu qeyd edib, 1990-cı illərin ortalarında milli kino muzeyinin ikinci dəfə formalaşmasında zəhmətini əsirgəmədiyini bildirib. Sonra çıxış edən Xalq yazıçısı Natiq Rəsulzadə, xalq artistləri Rafiq Əzimov, Həmidə Ömərova, Xalq rəssamı Arif Hüseynov, Prof. Abbasqulu Nəcəfzadə, Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Cahangir Zeynallı, Əməkdar jurnalist Etibar Babayev, filologiya üzrə fəlsəfə doktoru, Dos. Firudin Qurbansoy yubilyara təbriklərini çatdırıblar, yeni tədqiqat işlərində ona uğurlar arzulayıblar” deyə bildirilir.
Sonda A.Kazımzadə çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Film Fonduna təşəkkürünü bildirib.