Ağciyər Xəstəlikləri Mərkəzinin strukturu təsdiq edilib
BAYRAQDAR MEDİA – TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Ağciyər Xəstəlikləri Mərkəzinin struktur və ştat cədvəli təsdiq edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, bir müddət əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb: “BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli vərəm əleyhinə dispanserlər, 1 və 2 nömrəli xüsusiləşdirilmiş vərəm xəstəxanaları, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası, Suraxanı Tibb Mərkəzinin 3 saylı Doğum evi, eləcə də tabeli tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilib. Yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinə Nəhmət Rəhmanov direktor təyin edilib. TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bu gün N.Rəhmanovu kollektivə təqdim edib”.
Məlumatda o da bildirilib ki, N.Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib: “O, 1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsil alıb. 2018-ci ildən etibarən tibb üzrə fəlsəfə doktorudur. N.Rəhmanov 1994-2021-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tibbi xidmət idarələrində müxtəlif vəzifələrdə çalışıb. Mərkəzin yaradılmasında məqsəd TƏBİB-in tabeli tibb müəssisələrində vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiya işinin optimallaşdırılması, əhali arasında vərəm və ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, vərəm əleyhinə müəssisələrin infrastrukturundan səmərəli istifadə edilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasıdır”.





