BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 2 min 500kv.m olan şüşə məmulatları istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib”.
Sonra xəbərdə, “yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 200kv.m. sahə yanıb. Sexin böyük hissəsi yanğından mühafizə olunub” deyə qeyd olunur.