“İrəvan xalçalarında ilmələrin rəqsi” bədii-sənədli filminin təqdimatı keçirilib
BAYRAQDAR MEDİA – Aprelin 6-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə “İrəvan Xalçalarında İlmələrin Rəqsi” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyindən məlumat verilib.
Məlumata əsasən, tədbirin aparıcısı qonaqları salamlayaraq İrəvan xalçaçılıq məktəbinin mədəni irsimizdəki önəmindən, bu sahənin bədii və tarixi əhəmiyyətindən danışıb.
Aysel Tahirova: Məqsəd İrəvan xalçaçılıq ənənələrinin qorunması, xalçalar üzərində əks olunan milli-mədəni dəyərlərin gələcək nəsillərə çatdırılmasıdır
Xəbərdə deyilir ki, açılış nitqləri ilə “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin Baş katibi Aysel Tahirova çıxış edib.

A.Tahirova “İrəvan xalçalarında ilmələrin rəqsi” adlı layihə haqqında ətraflı məlumat verib: “Bildirilib ki, reallaşdırılan layihə Azərbaycan xalçaçılıq sənətinin unudulmaqda olan bir qoluna yenidən işıq salmaq, onu gələcək nəsillərə ötürmək və beynəlxalq aləmdə tanıtmaq məqsədi daşıyır”.

Baş katib, çıxışında filmin ideya mənbəyi, çəkiliş prosesi və məqsədləri barədə danışıb. O qeyd edib ki, layihənin əsas məqsədi İrəvan xalçaçılıq ənənələrinin qorunması, xalçalar üzərində əks olunan milli-mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması və bu sahəyə olan marağın artırılmasıdır.
A.Tahirova, həmçinin filmin ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə və dəstək göstərən qurumlara təşəkkürünü bildirib”.
Musa Qasımlı: İrəvan xalçaçılıq məktəbi Azərbaycanın qədim və zəngin mədəni irsinin mühüm tərkib hissəsidir
Məlumata görə, sonra Milli Məclisi sədrinin müavini Musa Qasımlı çıxış edib.
Musa Qasımlı “İrəvan xalçalarında ilmələrin rəqsi” filmi çərçivəsində həyata keçirilən layihənin əhəmiyyətini xüsusi vurğulayıb.

O bildirib ki, İrəvan xalçaçılıq məktəbi Azərbaycanın qədim və zəngin mədəni irsinin mühüm tərkib hissəsidir və bu məktəbin qorunması, eləcə də dünya ictimaiyyətinə tanıdılması milli yaddaşımızın yaşadılması baxımından son dərəcə vacibdir.
Bu kimi layihələr tarixi həqiqətlərin işıqlandırılması və erməni saxtakarlıqlarına qarşı mübarizədə mühüm rol oynayır
Musa Qasımlı əlavə edib ki, bu kimi layihələr tarixi həqiqətlərin işıqlandırılması və erməni saxtakarlıqlarına qarşı mübarizədə mühüm rol oynayır.
Daha sonra tədbir iştirakçıları “İrəvan Xalçalarında İlmələrin Rəqsi” bədii-sənədli filmini izləyiblər. Film izləyicilərə Azərbaycan xalçaçılıq sənətinin İrəvan qoluna aid bənzərsiz ornament və ilmələrin sirli dünyasını təqdim edib.

Tədbirin davamında “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov Azərbaycan mədəni irsinin təbliğində və filmin ərsəyə gəlməsində xüsusi rolu olan şəxsləri təltif edib.
İlk şərhi yaza bilərsiniz