Yaxud Azərbaycan hər zaman Kuzey Kıbrısın yanındadır
BAYRAQDAR MEDİA – Bu gün türk dünyası özünün şahlanış dövrünü yaşayır. Bu, mübaliğəsiz belədir. Müasir türk dünyasının şahlanışına təkan verən də məhz Azərbaycan olub.
Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən savaşında əldi etdiyi tarixi zəfər təkcə torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası kimi qəbul edilməməlidir. Bu, son əsrlər ərzində türk dövlətinin müharibədən itki ilə deyil, misilsiz qalibiyyətlə ayrıldığı zəfər kimi türk dünyasının tarixinə yazıldı.
Təsadüfi deyil ki, 2020-ci ilə qədər Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası formasında yol gələn türk dünyası Azərbaycanın tarixi zəfərindən sonra Türk Dövlətləri Təşkilatı (TDT) kimi, özü də daha da güclü və vahid yumruq halında inamla addımlar atmağa başlayıb. Türk Dövlətləri Təşkilatı özünün vahid bayrağı, konsepsiyası ilə sabaha doğru inamla irəliləyir.
Təbii ki, bu inam da Türkiyə-Azərbaycan qardaşlığından, bi iki ölkə rəhbərinin qətiyyətindən, səmimiyyətindən, türkçülüyə sözdə deyil, əməldə xidmət edən siyasətindən doğur.
Düzdür, son vaxtlar baş verən bəzi proseslər hər birimizi, ümumilikdə isə türk dünyasını incidir, qırır, qəlbinə toxunur. Söhbət, Özbəkistan, Qazaxıstan və Türkmənistanın Güney Kıbrısda səfirlik açmasından gedir. Məlum olduğu kimi, bu addım Kuzey Kıbrısdakı qardaşlarımızı incik salıb. Amma, qeyd etdiyim kimi təkcə Kıbrıslı bacı-qardaşlarımızı deyil, həm də Turana, Qızıl Almaya gedən yolda bir yumruq olmağa çalışan hər bir türk övladını üzür bu cür addımlar.
Doğrudur, biz özbək, qazax və türkmən qardaşlarımızın türk dünyasının birliyinə səmimi qəlbdən xidmət etdiklərini dana bilmərik. Onlar da türk dünyasının birliyi üçün çalışırlar. Amma, həm də ortada təkzibedilməz bir Güney Kıbrıs faktı var. Elə bir fakt ki, hələ uzun müddət müzakirə mövzusu olacaq.
Bununla belə, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinın sədri Orxan Həsənoğlunun dediyi kimi məsələyə soyuq başla yanaşma vacibdir: “Çünki bununla bağlı sosial mediada yersiz paylaşımlar və bəyanatlar ümumiyyətlə diplomatik münasibətlərə xələl gətirə bilər. Milliyyətçi və ya emosional reaksiyalar, çaxnaşma və ya tələsik hərəkətlər yerinə daha diqqətli və ölçülüb-biçilmiş bir yanaşma nümayiş etdirmək lazımdır. Ona görə də hər bir fərdin, xüsusən də sosial media istifadəçilərinin türk cümhuriyyətləri ilə münasibətləri nəzərə alaraq daha konstruktiv və pozitiv dildən istifadə etməsi vacibdir”.
Ehtimallara görə, bu məsələnin kökündə Orta Asiya ölkələrinin Avropa Birliyi ilə daha sıx iqtisadi əməkdaşlıq qurmaq niyyətləri də dayana bilər. Kim bilir, bəlkə son vaxtlar biri gedib, biri gələn AB emisarları Orta Asiya respublikalarının rəhbərlərinə Güney Kıbrısla bağlı bir istəkdə bulunublar. Onlar da, iqtisadi imkanların daha da genişlənməsi naminə avropalılara “yox” deyə bilməyıblər.
Lakin əgər belədirsə, heç olmasa bunun həmkarımız Asif Nərimanlının ehtimalı kimi sonuclanmasını arzu edirik. Onun ehtimalına görə, TDT ölkələri KKTC-ni tanımamışdan öncə yunan Kıbrısında səfirlik açmaqla balans yaratmağa və Lefkoşa ilə bağlı mümkün addımın AB ilə münasibətlərdə problem olmasına imkan verməməyə çalışırlar.
Bəli, hələ ki, Orta Asiya ölkələrinin Güney Kıbrısla bağlı addımları kontekstdə ehtimal, ümid tezislərinə əsaslanmaq zorundayıq. Reallığın necə olacağını isə yaxın gələcək, daha da dəqiqləşdirsək TDT-nin Budapeşt və Bakı sammitləri üzə çıxaracaq.
Bütün bunların fonunda isə bizi diri tutan, dik gəzməyə əsas verən Azərbaycanın siyasətidir. Bu hadisələr zamanı da bir daha sübut olundu ki, Azərbaycanın digər məsələlərdə olduğu kimi türk dünyası ilə bağlı siyasətində də sözü ilə əməli birdir. Bir daha sübut olundu ki, Azərbaycanın türk dünyası ilə bağlı siyasəti səmimidir, qətiyyətlidir və aydındır.
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı bunu bir daha təsdiq etdi. Azərbaycanın Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadığını bildirən Prezident İlham Əliyev “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər” deyib.
Bəli, Azərbaycanın siyasəti doğru, qətiyyətli, ən əsası isə türk dünyasını aydınlığa aparan siyasətdir. Həmçinin, Azərbaycan hər zaman Kuzey Kıbrısın yanındadır və KKTC-nin müstəqil dövlət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün bundan sonra da var gücü ilə çalışacaq.
İlk şərhi yaza bilərsiniz