Press "Enter" to skip to content

Bu formatlar türk dövlətləri arasında iqtisadi inteqrasiyanı sürətləndirir

Vüqar Oruc

Vüqar Oruc: Azərbaycan digər sahələrdə olduğu kimi qiymətləndiricilərlə bağlı məsələdə də türk dünyasının birliyi üçün davamlı addımlar atır

BAYRAQDAR MEDİA – “Azərbaycan digər sahələrdə olduğu kimi qiymətləndiricilərlə bağlı məsələdə də türk dünyasının birliyi üçün davamlı addımlar atır. Bu məqam Özbəkistanda keçirilən tədbirdə bir daha bəyan edildi”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

O, qeyd edib ki, bir müddət öncə Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Daşkənd şəhərində Türk Dövlətləri Qiymətləndiricilərinin IV Beynəlxalq Konqresi keçirilib: “Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti, qonaq qismində isə Gürcüstan qiymətləndiricilərinin qatıldığı toplantıda mən ötən dövr ərzində CAATS-ın gördüyü işlər və qurumun gələcək fəaliyyət istiqamətləri, türk dövlətləri qiymətləndiricləri arasında yeni əməkdaşlıq formatları mövzusunda çıxış etdim. Onu da qeyd edim ki, bundan öncə Türk Dövlətləri Qiymətləndiricilərinin Qazaxıtanda I, Türkiyədə II, Azərbaycanda isə III Beynəlxalq Forumları, eləcə də Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin “Zirvə Görüşü” keçirilib”.

CAATS regionda ən böyük qiymətləndirmə platformasıdır

Vüqar Orucun sözlərinə görə, bu cür forumlar Türk Dövlətləri Qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin inkişafı, sektorda əməkdaşlığın gücləndirilməsi və vahid peşəkar standartların tətbiqi baxımdan müstəsna əhəmiyyət kəsb edir: “Bu formatlar türk dövlətləri arasında iqtisadi inteqrasiyanı sürətləndirir. Qeyd etdiyim kimi bu, ilk tədbir deyildi. Sadəcə Daşkənd Forumu da digər tədbirlərimiz kimi produktivliyi ilə diqqət çəkdi və gələcək əməkdaşlıq imkanları istiqamətində ciddi müzakirələr aparıldı. Nəzərə alsaq ki, bu gün CAATS-da 7 türk dövləti, 700-dən artıq qiymətləndirmə şirkəti, minlərlə qiymətləndirici birləşir, eyni zamanda regionun digər dövlətləri – Rusiya, Belarus və Gürcüstan qiymətləndiriciləri də qurumun fəaliyyətinə xüsusi maraq göstərir, aydın şəkildə söyləmək olar ki, CAATS regionda ən böyük qiymətləndirmə platformasıdır”.

Şura öz missiyasını ləyaqətlə icra edib

Fikirlərinə davam edən V.Oruc vurğulayıb ki, hazırda türk dövlətləri olmamalarına baxmayaraq, Şurada təmsil olunmaq üçün Gürcüstan və Tacikistan qiymətləndiriciləri də müraciət edəcəkləri barədə mövqelərini ifadə ediblər: “Azərbaycan, Özbəkistan və Qazaxıstanda mövcud olan digər qiymətləndirici birliklər də CAATS sıralarına qoşulmağa maraq göstərirlər. Məlumdur ki, bu cür beynəlxalq birliklərin əsas funksiyası qarşılıqlı əməkdaşlığa töhfə verməkdir. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Şura bu istiqamətdə öz missiyasını ləyaqətlə icra edib. Təşəbbüskarı olduğumuz layihənin uğurlu alınmasını və inkişafa doğru irəliləyəcəyini indidən söyləmək olar”.

Mission News Theme by Compete Themes.