Press "Enter" to skip to content

Azər Həsrət bu təşkilatdan tam ayrıldı

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Əməkdar jurnalist, vətəndaş cəmiyyəti fəalı Azər Həsrət özünün qurduğu daha bir təşkilatdan tam olaraq ayrıldığını bildirib.

Sözügedən şəxsin mediaya verdiyi açıqlamaya görə, o, 2003-cü ilin 20 mart tarixində Bakıda şəxsi təşəbbüsü ilə qurduğu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) təsisçiliyindən rəsmən çıxıb.

Azər Həsrət bildirib ki, bununla bağlı müvafiq müraciəti Ədliyyə Nazirliyində qeydə alınıb və artıq o, CASCFEN-in təsisçisi deyil.

O da bildirilir ki, Azər Həsrət, qurulduğu gündən 2018-ci ilədək həm də CASCFEN-in sədri olub. Lakin həmin illərdə QHT sektorunda müşahidə edilən xoşagəlməz mühiti nəzərə alaraq ümumiyyətlə bu fəaliyyətdən çəkilmək qərarı verib.

Azər Həsrət CASCFEN sədrliyindən çıxsa da sonrakı mərhələdə qurumun təsisçisi kimi qalmağa davam edib. O, bunu sadəcə olaraq bəzi bürokratik problemlərlə əlaqələndirib. Artıq həmin problemlər də aradan qalxdığına görə onun təsisçilikdən imtinasının rəsmiləşdirilməsi ilə bağlı hər hansı problem qalmayıb.

Qeyd edək ki, Azər Həsrətin sədrliyi dövründə CACSFEN nüfuzlu beynəlxalq mükafat qazanmış, əhatə etdiyi bölgənin bir nömrəli təşkilatı kimi beynəlxalq jurnalist və insan haqları qurumlarının etimadını qazanmışdı. Hazırda təşkilatın sədri Əməkdar jurnalist Nadir Azəridir.

Əlavə edək ki, Azər Həsrət 2002-ci ildə daha bir fəal jurnalist qurumunun sədrliyindən və təsisçiliyindən könüllü şəkildə imtina etmişdi. Hələ 1997-ci ildə özünün təşəbbüsü ilə qurulan Azərbaycan Jurnalistlərinin İşçi Birliyi (AJİB) və sonradan Ədliyyə Nazirliyində Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) kimi qeydə alınan qurum da Azər Həsrətin rəhbərliyi altında geniş beynəlxalq əlaqələr qurmuş, ölkə içində yetərincə populyarlıq qazanmışdı. Hazırda quruma Müşfiq Ələsgərli uğurla başçılıq edir.

Bildirək ki, Azər Həsrətin belə könüllü şəkildə tutduğu vacib vəzifələrdən imtina etməsi Azərbaycan üçün nadir təcrübə sayıla bilər. Çünki ölkədə belə hallar demək olar ki, müşahidə edilmir…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.