Press "Enter" to skip to content

Dövlət Rəqs Ansamblı “Mənim Azərbaycanım” konsert proqramı ilə Bişkekdə

Dövlət Rəqs Ansamblı "Mənim Azərbaycanım" konsert proqramı ilə Bişkekdə

BAYRAQDAR MEDİA – 20-25 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində ilk dəfə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər – Xalq artisti Rüfət Xəlilzadə) “Mənim Azərbaycanım” adlı konsert proqramı təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “aprelin 22-də Abdılas Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında keçirilən təntənəli musiqi axşamını Azərbaycan mədəniyyət naziri Adil Kərimli, iki ölkənin mədəniyyət xadimləri, milli rəqslərin sorağı ilə 99 yaşlı teatrın 850 nəfərlik zalında boş oturacaq qoymayan Bişkek sənətsevərləri izləyiblər. Ansambl ilk olaraq “Mənim Azərbaycanım” adlı möhtəşəm rəqs nömrəsi ilə tamaşaçıları salamlayıb. Sonra kollektiv “Qavalla rəqs”, “Qazaxı”, “Yaylıqlarla rəqs”, “Nağaraçılar”, “Şalı-şalı”, “Qaytağı”, “Toy”, “Qılıncdar”, “Ağ çiçəyim”, “Çayçı” rəqsləri ilə tamaşaçılara unudulmaz anlar yaşadıb”.

Sonra xəbərdə, “ansambl Azərbaycan milli rəqslərinin təntənəsinin yaşandığı gecəyə “Vətən” rəqsi ilə yekun vurub. Böyük məharətlə ifa olunan rəqs hər yaşdan tamaşaçıları ayağa qaldırıb. Yerbəyerdən salonu bürüyən “bravo” nidaları Azərbaycan incəsənətinin onlarla ölkənin möhtəşəm konsert salonlarında olduğu kimi, bişkeklilərin də könlünü vəcdə gətirdiyinin təsdiqi olub. Tamaşaçılar sənət ocağından unudulmaz təəssürat və mədəniyyətə böyük rəğbət duyğusu ilə ayrılıblar” deyə bildirilir.

Qeyd edək ki, Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Ötən 55 ildə kollektiv ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Meksika, Braziliya, Kuba, Cənubi Koreya, Belçika, Səudiyyə Ərəbistanı, habelə keçmiş SSRİ məkanında parlaq ifası ilə milli rəqs sənətini layiqincə təbliğ edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.