BAYRAQDAR MEDİA – Aprelin 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə muxtar respublika və ölkə üzrə keçirilən olimpiadaların finalçıları və buraxılış imtahanlarında yüksək nəticə göstərən istedadlı şagirdlərlə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya nümayəndəlikdən məlumat verilib.
Bildirilib ki, “görüşdə səlahiyyətli nümayəndə qeyd edib ki, dünya dəyişir və inkişaf edir. Cəmiyyət bu inkişafa və yeniləşməyə ayaq uydurmalıdır. Bunun yeganə yolu isə elm və təhsildən keçir. Buna görə də ölkə başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə təhsilin davamlı inkişafını, maddi-texniki təminatın yüksəldilməsini daim diqqətdə saxlayır, ölkəmizdə bu istiqamətdə böyük addımlar atılır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da təhsilin inkişafı əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Muxtar respublikada məktəblər ən müasir tələblər əsasında qurulur, elektronlaşma, kompüterləşmə prosesləri davam etdirilir”.
Məlumata görə, təhsili gənclərin gələcək arzularına çatması üçün yeganə yol kimi dəyərləndirən səlahiyyətli nümayəndə muxtar respublikada təhsilin səviyyəsindən razılığını ifadə edib: “Bildirib ki, hər il yüksək nəticələr əldə edilir, muxtar respublika məktəbləri və məktəbliləri ölkə üzrə göstəricilərdə ön sıralarda qərarlaşırlar. Bu isə o deməkdir ki, gənclər təhsilin gücündən və dövlətimizin yaratdığı şəraitdən maksimum yararlanmaqla özlərini gələcəyə hazırlayırlar.Hər birimiz belə istedadlı şagirdlərə dəstək olmalıyıq. Çünki gənclərin təhsilinə ayrılan diqqət gələcəyə yatırılan sərmayədir”.
Məlumatda deyilir ki, səlahiyyətli nümayəndə olimpiadalarda və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdləri təbrik edib, onların müəllim və valideynlərinə təşəkkürünü bildirib, hər bir şagirdə dərslərində, imtahanlarında və gələcək həyatlarında daha böyük uğurlar arzulayıb: “Fuad Nəcəfli görüşdə iştirak edən 25 şagirdlə fərdi söhbət edib. Buraxılış imtahanlarında 300 bal toplayaraq maksimum nəticə göstərmiş Səma İsmayılova və İbrahim Heydərov, eləcə də imtahan və olimpiadalarda fərqlənən şagirdlərin hər biri uğurlarından bəhs edib, gələcək arzularını və məqsədlərini diqqətə çatdırıb, yaxşı təhsil almaları üçün yaradılan yüksək şəraitə görə minnətdarlıq ediblər. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov şagirdlərin ölkə və beynəlxalq səviyyəli olimpiadalarda iştirakı ilə bağlı görülmüş işlər, nəticələrin əvvəlki illərlə müqayisəli təhlili və qarşıda duran vəzifələrlə bağlı məlumat verib”.
Sonra səlahiyyətli nümayəndə görüşdə iştirak edən istedadlı şagirdlərlə xatirə fotosu çəkdirib, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin imkanları ilə tanış olub. Fuad Nəcəfli sinif otaqlarında və istirahət guşəsində liseyin uğur qazanan şagirdləri ilə görüşüb, yataqxana şəraiti ilə maraqlanıb.
İlk şərhi yaza bilərsiniz