Cavid Şahverdiyev: Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklərlə bağlı yerli və beynəlxalq ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıyıq
BAYRAQDAR MEDİA – “Son illər ölkəmizdə müşahidə olunan dinamik iqtisadi, siyasi, mədəni, sosial tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi sahədə, həmçinin vətəndaş cəmiyyəti sektorunda islahatların aparılması və müsbət nəticələrin əldə edilməsi Azərbaycanı qlobal, beynəlxalq əhəmiyyətli tədbirlərin mərkəzinə çevirib. Demək olar ki, son illərdə dünyanın bütün yolları Azərbaycanda birləşir”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin sədri, Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan bu günədək yüzlərlə beynəlxalq konfransın, irimiqyaslı, mötəbər tədbirlərin həyata keçirilməsinə müvəffəq olub, beləliklə də, beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib: “Bakı beynəlxalq miqyaslı idman tədbirlərinin, müxtəlif siyasi, iqtisadi, humanitar-mədəni forumların təşkilində və keçirilməsində fəal iştirak etməklə dünyada sabit, təhlükəsiz, azad bir ölkə olduğunu sübuta yetirir. Ölkəmizdə keçirilən beynəlxalq, qlobal tədbirləri saymağa ehtiyac yoxdur. Çünki bu davam edir. Elə 28-29 apreldə dünyanın 110-dan çox ölkəsindən aparıcı QHT rəhbərlərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının Bakıda təsis edilməsi dediklərimizə əyani sübutlardan biridir”.
C.Şahverdiyev qeyd edib ki, dünyanın Azərbaycanda bir araya gəlməsi öz növbəsində ölkənin media və QHT nümayəndələri qarşısında müəyyən vəzifələr qoyur: “Xüsusən də bu il iyulun 22-də Azərbaycan mətbuatının yaranmasının 150 illiyi ərəfəsində. Tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoydu, haqq səsimizi dünya ictimaiyyətinə çatdırdı, düşməni və onun havadarlarını ifşa etdi. Media, həmçinin Azərbaycan Ordusunun, əsgər və zabitlərin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratdı. Bu gün isə mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısına çevrilməlidir. Biz, beynəlxalq əməkdaşlığımızı genişləndirməli, gücləndirməliyik, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirməliyik, öz yerimizi tutmalıyıq”.
Onun sözlrəinə görə, yeni dünya nizamı müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir: “Bu gün internet əsridir, internet sərhədlər tanımır, internetin bizə verdiyi imkanlardan maksimum istifadə etməliyik, yararlanmalıylq. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarda fəallığı əzə artırmalıyıq. Müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalıyıq, xarici, yad təsirlərdən, informasiya həmlələrindən qorunmalıyıq. Ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklərlə bağlı yerli və beynəlxalq ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıyıq. Azərbaycanımızı, xalqımızı, millətimizi, dövlətimizi, dövlətçiliyimizi qorumalıyıq. Bu gün sevindirici haldır ki, jurnalistlərimizin bəzilərinin müstəqil şəkildə xarici mətbuata çıxışı var. Dünyanın 20 xarici ölkə mediası ilə əlaqəsi olan bir jurnalist kimi bu prosesin genişləndirməsini, xarici mediada dostlarımızın sayının artmasını, onların imkanlarından yararlanıb Azərbaycan həqiqətlərini yaymaq, Ermənistanın işğalçılıq siyasətini, bəşəri cinayətlərini ifşa etmək prosesini gücləndirməyi istəyirəm. Döyüş meydanında əsgərimiz necə qələbə qazanıb, qəhrəmanlıq göstəribsə, informasiya müharibəsində də jurnalistlərimiz gücünü ortaya qoymalıdırlar. Həqiqətlərin dünyaya çatdırılması üçün bu günə qədər görülən işləri davam etdirməliyik”.
İlk şərhi yaza bilərsiniz