Press "Enter" to skip to content

Mədəniyyət Nazirliyində Xalq artisti ilə görüş

Mədəniyyət Nazirliyində Xalq artisti ilə görüş

BAYRAQDAR MEDİA – Aprelin 30-da Mədəniyyət Nazirliyində görkəmli teatr və kino aktrisası, Dövlət mükafatı laureatı, Xalq artisti Şəfiqə Məmmədova ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “sənətkarın 80 illik yubileyi münasibətilə təşkil olunan görüşdə Azərbaycanın kino ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak ediblər. Kino xadimlərini salamlayan mədəniyyət naziri Adil Kərimli Ş.Məmmədovanın mədəniyyətin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, sənətkar səhnədə və ekranda həyat verdiyi rəngarəng obrazlarla bir neçə nəsil tamaşaçıların rəğbətini qazanıb. Nazir Ş.Məmmədovanın bənzərsiz sənətinin dövlət tərəfindən həmişə yüksək qiymətləndirildiyini, onun respublikanın ali təltiflərinə layiq görüldüyünü deyib. Bildirilib ki, Prezident İlham Əliyevin bu ilin 29 mart tarixində imzaladığı Sərəncamla aktrisa “İstiqlal” ordeninə layiq görülüb və dövlət başçısı bu ali təltifi sənətkara şəxsən təqdim edib. Sənətkara yubileyi ilə əlaqədar təbriklərini çatdıran A.Kərimli ona nazirliyin Fəxri fərmanını təqdim edib”.

Sonra xəbərdə, “Ş.Məmmədova yaradıcılığına verilən yüksək dəyərə görə ölkə başçısına minnətdarlığını bildirib. Kino sahəsinin mədəniyyətin ən vacib istiqamətlərindən biri olduğunu deyən nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinin, o cümlədən kino sənayesinin inkişafı diqqətdə saxlanılır. Dövlət başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq olunması, 2022-ci il 20 aprel tarixli Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Kino Agentliyinin (ARKA) yaradılması bu sahəyə göstərilən diqqət və qayğının parlaq təzahürüdür” deyə bildirilir.

Xəbərdə həmçinin deyilir ki, “nazir Kino Agentliyinə rəhbər təyinatı barədə məlumat verib, bu vəzifəni Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri işləmiş Rəşad Əzizovun həyata keçirəcəyini bildirib. Diqqətə çatdırılıb ki, R.Əzizov Nazirlik tərəfindən son illərdə həyata keçirilən mədəniyyət və yaradıcı sənayelər üzrə bir sıra layihələrin, eyni zamanda, “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı və “Şərq ölkələri kino sənayesi bazarı”nın reallaşdırılmasında yaxından iştirak edib. O həmçinin Nazirlik tərəfindən təsis olunmuş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) fəaliyyətinin təşkilində aktiv rol oynayıb”.

A.Kərimli son illər Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə keçirilən film layihələri müsabiqələri, lentə alınan filmlər barədə də söz açıb, kino ictimaiyyətinin nümayəndələrini agentliklə daha sıx əməkdaşlığa dəvət edib.

Söhbət zamanı kino sahəsinin mövcud vəziyyəti, həyata keçirilən və nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.