Press "Enter" to skip to content

Qəbələdə meşə yanğınları ilə bağlı təlim

Qəbələdə meşə yanğınları ilə bağlı təlim

BAYRAQDAR MEDİA – Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı və Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidməti və İtaliyanın CIMA Tədqiqat Fondunun birgə tərəfdaşlığı ilə meşə yanğınlarının transsərhəd təsirləri üzrə masaüstü təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “təlim transsərhəd meşə yanğınları risklərinin idarəedilməsi sahəsində FHN və Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidməti arasında birgə əməkdaşlığı nəzərədə tutan “Azərbaycan və Gürcüstanda Meşə Yanğınlarının Transsərhəd Risklərinin Qiymətləndirilməsi və Fəaliyyət Planı üzrə Sailor Layihəsi” çərçivəsində təşkil olunub. Tədbirin keçirilməsinin əsas məqsədi meşə yanğını ssenarisi əsasında meşə yanğınlarının transsərhəd risklərinin idarəedilməsi və cavab tədbirləri imkanlarının, habelə sözügedən layihədə pilot ərazi kimi müəyyən olunmuş Azərbaycanın şimal-qərb regionu ilə Gürcüstanın Kaxeti regionunun müvafiq yerli qurumları arasında rabitə kanalları, əlaqələndirmə və qarşılıqlı məlumat mübadiləsi mexanizmlərinin sınaqdan keçirilməsi olub”.

Sonra xəbərdə, “masaüstü təlimdə transsərhəd təsirlərin idarəedilməsi bacarıqları və innovativ həllərə əsaslanan erkən xəbərdarlıq sistemlərinin, proqnozlaşdırma alətlərinin tətbiqi imkanları qiymətləndirilib, o cümlədən qeyd edilən sahələrdə qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Həmçinin, sözügedən tədbir çərçivəsində meşə yanğınlarının transsərhəd risklərinin idarəedilməsi sahəsində əməkdaşlığın davamı olaraq Azərbaycan FHN ilə Gürcüstan DİN-in Fövqəladə Halların İdarəedilməsi Xidməti arasında hazırlanması nəzərdə tutulan birgə fəaliyyət planının müvafiq istiqamətləri də müzakirə olunub. Təlim çərçivəsində gürcüstanlı nümayəndələr FHN-in Şimal-qərb Regional Mərkəzinin, o cümlədən digər yerli qurumlarının imkanları ilə yaxından tanış olublar”.

Sözügedən təlimdə FHN-in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumları, Qəbələ rayon Polis şöbəsi, “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayonun Tikanlı, Abrıx, Dandıx, Solqıca, Qəmərvan kəndləri üzrə bələdiyyələrin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin rəhbər şəxsləri, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Gürcüstan DİN-in Fövqəladə Halların İdarəedilməsi Xidməti və İtaliyanın CIMA Tədqiqat Fondunun nümayəndələri iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.