BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyinatı olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib. Bakı şəhərində anadan olan S.Tağızadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. O, 2006-cı ildə Bakı Musiqi Akademiyasını (fortepiano, organ, klavesin) bakalavr, 2008-ci ildə isə (fortepiano ixtisası, musiqişünaslıq) magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib. 2016-cı ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərən S.Tağızadə indiyədək Azərbaycanla yanaşı, Böyük Britaniya, Polşa, Rusiya, Finlandiya, ABŞ, Cənubi Afrika, Cənubi Koreya, Avstriya, İsveçrə, İtaliya, Bolqarıstan, Latviya, Fransa və s. ölkələrdə konsertlərdə çıxış edib”.
Həmçinin o, uşaq və yeniyetmələrin mədəni inkişafı ilə bağlı sənət layihələrinin təşkilatçısıdır. Müəllifi və rəhbəri olduğu ənənəvi “Simurq” musiqi festivalı Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətmək məqsədi daşıyan diqqətəlayiq layihələrdəndir.
İlk şərhi yaza bilərsiniz