BAYRAQDAR MEDİA – ADA Universitetində sosial məsuliyyət ruhunu təcəssüm etdirən Hacı Zeynalabdin Tağıyev Mükafatının təqdimat mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Universitetin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Sosial Məsuliyyət Günü münasibətilə təşkil olunan tədbir Universitetin dəyərlərini əks etdirən və gənclərin təşəbbüskar ruhunu ortaya qoyan əlamətdar gün kimi xüsusi ruh yüksəkliyi ilə qeyd edilib. Tədbirdən öncə, kampusda təşkil olunan sərgidə tələbələr il ərzində ərsəyə gətirdikləri sosial təsirə malik təşəbbüslərini təqdim ediblər”.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında tədbirin əhəmiyyətindən bəhs edərək bildirib: “Biz ADA Universitetində təkcə savadlı deyil, dəyərlərə bağlı, məsuliyyətli vətəndaşlar yetişdiririk. Bu işdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərin irsi bizə bələdçilik edir, yol göstərir. Tələbələrimizin də bu irsi yaşadaraq bunu gələcəyə daşımağa çalışması nailiyyətimizdən biridir.”
Sonra xəbərdə, “Universitetin prorektoru Günay Ziyadova çıxışında bu təşəbbüsün on ildən artıqdır ki, ADA-nın əsas ənənələrindən birinə çevrildiyini vurğulayıb. Tədbirdə həmçinin H.Z.Tağıyevin nəslinin davamçıları da iştirak ediblər. Tədbirin sonunda münsiflər heyətinin üzvləri tərəfindən qalib komandalar elan olunub. Birinci yerə sahib olan “Benjamin Button” komandası 2 min 500 manat, ikinci yeri qazanan “Tech4Equity” komandası 1 min 500 manat, üçüncü yerə çıxan “Empower Disability” və “She Leads” komandaları 1 min manat məbləğində mükafat qazanıblar” deyə bildirilir.
Qeyd edək ki, bu il yüzdən çox ADA tələbəsi müxtəlif mövzularda layihələr həyata keçirib. Onlar yalnız Bakıda deyil, həmçinin regionlardakı məktəblərdə, qocalar evlərində və ictimai məkanlarda fəaliyyət göstərərək cəmiyyətin sosial inkişafını dəstəkləyən təşəbbüslərlə çıxış ediblər.
Bu layihə təşəbbüsləri təhsil və biliklərin əlçatanlığının artırılması, gənclərə yumşaq bacarıqların ötürülməsi, ətraf mühitin qorunması və ekoloji maarifləndirmə, texnologiya və innovasiyanın sosial fayda üçün tətbiqi, eləcə də sosial inteqrasiya və icma ruhunun gücləndirilməsi sahələrini əhatə edib.