BAYRAQDAR MEDİA – Aprelin 30-da Küveyt Dövlətinin Əl-Küveyt şəhərində Azərbaycan Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “iclasda xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib. Tədbirdə Mədəniyyət Nazirliyini nazir müavini Fərid Cəfərov təmsil edib. O, iclasda çıxışı zamanı Azərbaycan ilə Küveyt Dövləti arasında mədəni sahədə mövcud əməkdaşlıq əlaqələri, bu istiqamətdə görülmüş işlər və gələcək perspektivlərdən söz açıb”.
Sonra xəbərdə, “tədbirin sonunda iki ölkənin xarici işlər nazirləri C.Bayramov və Abdullah Əli əl-Yəhya tərəfindən 3-cü iclasın protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri – növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb. Tərəflər həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsini, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramını imzalayıblar” deyə bildirilir.
İmzalanan sənədlər arasında “Küveyt Dövlətinin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2025–2027-ci illər üçün mədəni əməkdaşlıq üzrə İcra Proqramı” da var.
İlk şərhi yaza bilərsiniz