BAYRAQDAR MEDİA – Aprelin 30-da Bakıda Qazaxıstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Qazaxıstanın “Patrul. Son əmr” adlı komediya filminin qapalı öncədən nümayişi reallaşıb.
BAYRAQDAR MEDİA xəbər verir ki, aktyor heyətinin və rejissor Rustem Omarovun da iştirak etdiyi tədbirdə Azərbaycanın dövlət qurumlarının və biznes dairələrinin nümayəndələri, xarici ölkələrin diplomatları, jurnalistlər, kino tənqidçiləri, bloqerlər və influenserlər iştirak ediblər.
Məlumata görə, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel öz çıxışında kino sənətinin iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsindəki xüsusi rolunu vurğulayıb və Qazaxıstan-Azərbaycan ortaq kinofilminin çəkilişiilə bağlı planlardan söz açıb.

Filmin rejissoru və əsas qəhrəmanlarından biri olan Rustem Omarov təşkilatçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib və filmin Azərbaycanda uğur qazanacağına ümidvar olduğunu deyib.
Tanınmış azərbaycanlı kinorejissor və ssenarist Oqtay Mir-Qasımov filmin paradoksallığını vurğulayaraq, komediya janrının təsirli və humanist məqamlarla vəhdət təşkil etməsini xüsusilə qeyd edib.
Qeyd edək ki, Qazaxıstanın Bakıdakı Səfirliyinin dəstəyi ilə film 1 may 2025-ci il tarixindən etibarən Azərbaycanın kinoteatrlarında nümayiş olunacaq.
İlk şərhi yaza bilərsiniz