BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi uğurla davam edir.
Aprelin 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə teatrın kiçik səhnəsində növbəti tematik seminar keçirilib. Layihə çərçivəsində keçirilmiş tematik seminarın “Teatr pedaqogikası: istedad yoxsa elm?..” adlı panelinin qonağı Əməkdar artist, rejissor, aktyor Nicat Kazımov olub.
Seminarı MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov açaraq layihənin nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, gənclərlə mütəxəssilər arasında sənət müzakirələrinin təşkili, bu sahəyə diqqətin artırılması, gənclərin iştirakı ilə aktiv yaradıcı mühitin formalaşdırılması məqsədini daşıdığını bildirib.
Sonra N.Kazımov teatr pedaqogikasının nəzəri-praktiki əsasları, teatr təhsilində ənənə və müasirlik, müxtəliflik, yeni yaradıcı tendensiyalar kimi mövzulardan söhbət açaraq auditoriya ilə fikir mübadiləsi aparıb.
MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən seminarın sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, sözügedən layihə üzrə seminar və görüşlərin keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, bu sahəyə marağı artırmaq, gəncləri teatra cəlb etmək və aktiv yaradıcı mühit formalaşdırmaqdır.
İlk şərhi yaza bilərsiniz