Son yeniləmə: 6 May 2025
BAYRAQDAR MEDİA – Mayın 4-də Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib.
Bildirilib ki, “imtahan ümumilikdə 21 şəhər və rayonda təşkil olunub. İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib”.
Məlumata görə, imtahanın idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 315 imtahan rəhbəri, 2534 nəzarətçi, 363 buraxılış rejimi əməkdaşı (mühafizə) və 118 bina nümayəndəsi ayrılıb: “Cari ildə məzun olan iştirakçıların imtahanda toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır”.
Xatırladaq ki, Azərbaycan dili imtahanı iki dəfə keçirilir. Növbəti imtahanın tarixi və qeydiyyat günləri haqqında məlumat veriləcək.
İlk şərhi yaza bilərsiniz