Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlılar Dərnəyinin (EsAzDer) “Çərşənbə söhbəti” rubrikasında növbəti tədbiri Doğuda ilk Cumhuriyyət olan Azərbaycan Demokratik Respublikasının qurucusu, çağdaş Azərbaycan düşüncəsinin öncülərindən olan Məhəmməd Əmin Rəsulzadəyə həsr edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya EsAzDer-dən məlumat veirlib.
Məlumata görə, bu məqsədlə “Rəsulzadə – dünya ziyalısı” mövzusunda konfrans keçirilib.

Bildirilib ki, “konfransda Azərbaycan Milli Aviasiya Akademiyasının müəllimi fəlsəfə doktoru Elçin Süleymanovun M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti, beynəlxalq müstəvidə qoyduğu iz və müasir Azərbaycan kimliyinin formalaşmasındakı rolu ilə bağlı məruzəsi dinlənilib. Dövlət xadiminin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamı sitat gətirilərək, onun istər Azərbaycanda, istərsə də ölkəmizdən kənarda gördüyü işlərdən bəhs edilib. E.Süleymanov qeyd edib ki, M.Ə.Rəsulzadə təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası və dünya ziyalıları üçün mühüm şəxsiyyət olub”.
Daha sonra konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Çıxışın sonunda EsAzDer sədri Cavid Aydın, Dos. Doktor Elçin Süleymanova təşəkkürnamə və hədiyyə təqdim edib.

Çıxış proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və xatirə şəkli çəkdirilməsi ilə yekunlaşıb.





