BAYRAQDAR MEDİA – Azərbaycanda 2025-cü il barama istehsalı mövsümünə başlanılıb. Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yerləşən rayonlardan olan kümçülərə tut ipəkqurdu toxumunun paylanılması həyata keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) direktorları, müxtəlif rayonlardan gəlmiş kümçülər, media təmsilçiləri iştirak ediblər. S.Cəfərov baramaçılığın kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli istehsal sahələrindən biri sayıldığını vurğulayaraq deyib ki, bu səbəbdən baramaçılığın Azərbaycanda inkişaf etdirilməsi KTN qarşısında prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Tədbirdə qeyd olunub ki, Nazirlik tərəfindən rayonlarda fəaliyyət göstərən DAİM-lərin məlumatları əsasında qabaqcıl barama istehsalçılarının siyahısı, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib və müvafiq tədbirlər planı hazırlanıb”.
Daha sonra xəbərdə, “tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurdunun düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb. Nazirliyin mütəxəssisləri tərəfindən bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər təşkil edilib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb və kümçülərə yerində məsləhətlər verilib” deyə bildirilir.
Qeyd edək ki, 2025-ci ildə ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə KTN tərəfindən ölkədə cari ildə istehsalı planlaşdırılan yaş barama məhsulunun həcmi nəzərə alınmaqla Çindən 5 min qutu ipəkqurdu sənaye toxumları tədarük edilib.
Tədbirdə inkubasiya olunmuş tut ipəkqurdu toxumları 40 bölgədən olan kümçülərə paylanıb. Ümumilikdə mayın 5-dək kümçülərə inkubasiyadan sonra 5 min 500 qutu verilib. İpəkqurdu toxumlarının kümçülərə paylanması prosesi davam edir.
İlk şərhi yaza bilərsiniz