BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyasının (NUDİA) birgə həyata keçirdiyi “Sözdən əmələ keç, sağlam qidalanmanı seç” layihəsi davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “sözügedən layihə çərçivəsində növbəti tədbir Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfdaşlığı ilə mayın 6-da Yeni Klinikada keçirilib. ”Möcüzə Qida – Ana Südü” konfransında ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə olunub. AQTA-nın İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyev açılış nitqi ilə çıxış edib. O qeyd edib ki, AQTA fəaliyyət istiqamətinə uyğun olaraq qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini həyata keçirməklə bərabər, istehlakçıların maarifləndirilməsi istiqamətində də müxtəlif tədbirlər icra edir. TƏBİB-in İxtisaslı Tibbi Xidmətin Departament rəhbəri Nəzrin Mustafayeva bildirib ki, Azərbaycanın gələcək inkişafı planında səhiyyə sektorunun əsas fəaliyyətlərinin mərkəzində körpə sağlamlığının qorunması və inkişafı dayanır. O əlavə edib ki, bu məqsədə çatmaq üçün yol məhz bu mövzulardan, müzakirələrdən başlayır”.
Ardınca xəbərdə, “konfrans AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxovanın moderatorluğu ilə panel müzakirələrlə davam edib. V.Sadıxova vurğulayıb ki, ana südünün tərkibinin nə qədər zəngin olduğunu sübut edən çox sayda tədqiqatlar var. Uzman pediatr Əkbər Quliyev, uzman ginekoloq Emin Haqverdiyev, ÜST-nin nümayəndəsi Elturan İsmayılov, psixoloq-psixosomatik İradə İmanova “Ana südünün əhəmiyyəti” mövzusunda fikirlərini bölüşüblər. Tibb elmləri doktoru Nurəngiz Hacıyeva, uzman cərrah-ginekoloq Şəlalə Məmmədova, həkim-diyetoloq Tutu Zeynalova, mütəxəssis-mama Turanə Türkoğlu isə “Ana südü və anaların təcrübəsi: Reallıq və Çağırışlar” panelində çıxış ediblər” deyə qeyd olunur.
İlk şərhi yaza bilərsiniz