Press "Enter" to skip to content

“Rabat xalça sənəti” immersiv sərgisi

“Rabat xalça sənəti” immersiv sərgisi

BAYRAQDAR MEDİA – Mayın 6-da Azərbaycan Milli Xalça Muzeyində (AMXM) “Xalçaçı günü” peşə bayramı münasibətilə “Rabat xalça sənəti” immersiv sərgisi açılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Azərbaycanda səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi, Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti Lalla Hasnaa iştirak ediblər”.

Sonra xəbərdə, “tədbir Heydər Əliyev Fondu, Rabat Mədəni İrsinin Qorunması Fondu, Mədəniyyət Nazirliyi, Mərakeş Krallığının Azərbaycandakı səfirliyi, AMXM, Mərakeş Sənətkarlıq Evi və Mərakeş Milli Muzeylər Fondunun təşkilatçılığı ilə keçirilib. AMXM-in direktoru Əminə Məlikova xalça sənətinin təkcə Azərbaycan üçün deyil, eyni zamanda, dünya mədəni irsinə böyük töhfə olduğunu deyib. O, 2016-cı ildən Prezident İlham Əliyevin Sərəncamı ilə mayın 5-nin Azərbaycanda “Xalçaçı günü” peşə bayramı kimi qeyd edildiyini vurğulayıb. “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti”nin 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyi qonaqların diqqətinə çatdırılıb. Bədii hissədə “Pəri xanımın sehrli nağılı” animasiya filmi nümayiş olunub, Xalq artisti Faiq Sücəddinovun Xalq rəssamı Eldar Mikayılzadənin sözlərinə bəstələdiyi “Sevərək toxu!” adlı yeni mahnısı ifa edilib” deyə bildirilir.

Xəbərdə eləcə də diqqətə çatdırılır ki, “sonra sərginin açılışı olub. Sərgidə Rabat xalçasının möhtəşəmliyi fiziki və rəqəmsal sərgi təcrübəsini birləşdirən immersiv və vizual cəhətdən maraqlı bir ssenari vasitəsilə təqdim edilib. Sərgidə bədii fotolar, qrafik illüstrasiyalar və XX əsrə aid orijinal Rabat xalçası, həmçinin Azərbaycanın XX əsrin əvvəllərində Qazax xalçaçılıq məktəbinə aid xalça təqdim olunur. Bu eksponatlar iki qədim tekstil ənənəsi arasındakı əlaqəni nümayiş etdirir. Bədii səyahət kimi qurulan sərgi Rabat xalçasının mənşəyini, onun incə toxuculuq texnikalarını və bu ənənənin qorunub saxlanılmasında qadın sənətkarların əsas rolunu nümayiş etdirir. Sərgidə həmçinin müxtəlif kompozisiyalar, muzeydə toxunan xalçalar da təqdim olunur. Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan “Nəqşicahan” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də keçirilib, xalçaçılara həsr edilmiş rəsm əsərlərindən ibarət videoçarx nümayiş olunub. Sərgi mayın 10-dək davam edəcək”.

Daha sonra qonaqlar AMXM ilə tanış olublar. Qonaqlara Azərbaycan xalqının qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, muzeyin kolleksiyasının “qızıl fond”unu Azərbaycanın 7 regionunun xovlu və xovsuz xalça nümunələri təşkil edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.