Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə edib
BAYRAQDAR MEDİA – Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansından (TGA) məlumat verilib.
Məlumata görə, Türkiyəyə bu ilin ilk üç ayında 8 milyon 844 min turist qəbul edib və ilin ilk 3 ayında turizmdən rekord məbləğdə– 9.5 milyard ABŞ dolları gəlir əldə edib.
Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə tarixində birinci rüb üzrə ən yaxşı nəticəni göstərib: “BMT Turizm Təşkilatının məlumatlarına əsasən, Türkiyə 2024-cü ildə dünyanın dördüncü ən böyük gəlmə turizm bazarına çevrildi. Keçən il üçün 60 milyon beynəlxalq ziyarətçi qəbul etməyi hədəfləmişdik, amma ili 62.2 milyonla başa vuraraq yeni rekorda imza atdıq. 2025-ci ilin sonu üçün hədəfimiz 65 milyon ziyarətçi qəbul etmək və 64 milyard ABŞ dolları həcmində turizm gəliri əldə etməkdir. Aprel və sonrakı dövrlər üçün gözləntilərimiz, həmçinin 2025-ci ilin ilk üç ayında turizm gəlirlərində müşahidə olunan 5,6 faizlik artım bu hədəflərə çatacağımızı təsdiqləyir”.
Məlumatda o da bildirilir ki, 2025-ci ilin ilk üç ayında Türkiyəni 733 min iranlı, 601 min rus, 572 min alman, 560 min bolqar və 304 min britaniyalı vətəndaş ziyarət edib. Bu ziyarətçilər Türkiyədə orta hesabla 11 gecə qalıb və hər gecəyə təxminən 98.90 ABŞ dolları xərcləyiblər.
İlk şərhi yaza bilərsiniz