BAYRAQDAR MEDİA – Mayın 8-də saat 17:00-da Sumqayıt Dövlət Dram Teatrında saat yeni tamaşanın premyerası keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrdan daxil olub.
Xəbərdə deyilir ki, “yazıçı-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsərinin motivləri əsasında hazırlanmış “İrəvanda nəyim qaldı…” tamaşası yaxın tarixin gerçək tarixi faktlarını, Azərbaycanın qədim yurd yeri İrəvanda zaman-zaman soydaşlara qarşı aparılan gizli təxribatları, erməni ideoloqlarının ərazi iddialarını və Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycanda yaşayan soydaşların siyasi müstəvidə müdafiəsinə qalxmasını özündə ehtiva edir. Ulu öndər sovet dönəmində hakimiyyətə gələrkən təkcə Azərbaycan tarixinə, mədəniyyətinə, toponiminə mənəvi terror həyata keçirən məkrli ermənilərə qarşı deyil, həm də onları müdafiə edən Mərkəzi hakimiyyətlə mübarizə aparırdı. Əlbəttə, daşıdığı vəzifə, sovetlərin qanunları çərçivəsində bu, böyük risk idi. Amma dahi şəxsiyyətin zəkası, dəmir məntiqi, siyasi iradəsi və idarəçilik təcrübəsi onun qalibiyyətinə rəvac verirdi. Tamaşa boyunca bu faktlar dialoqlar, bəzən də monitor vasitəsilə kinoxronika olaraq çatdırılır”.
Bildirək ki, səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti Firudun Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, məsləhətçilər isə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov, filologiya elmləri doktoru, Prof. Mahirə Nağıqızıdır.
Qeyd edək ki, tamaşa ulu öndərin anadan olmasının 102-ci ildönümünə layiqli töhfədir.





