BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən keçirilən “Kənddən Şəhərə” həftəsonu yarmarkası fəaliyyətini davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “9-10-11 may tarixlərində keçirləcək növbəti yarmarkada 20-dən artıq rayondan 40-dan çox fermerin iştirakı gözlənilir. Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir”.
Sonra xəbərdə, “Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçirilən yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 100-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək. Satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək, yarmarkanın yanında Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək”.
Bildirək ki, yarmarkada iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 Çağrı Mərkəzi ilə əlaqə saxlamalı və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət etməlidirlər.
Qeyd edək ki, həftəsonu yarmarkaları mart ayının əvvəlinə qədər davam edəcək və yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.





