Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan dili kurslarında Açıq dərsi Ulu Öndər Heydər Əliyevə həsr edib
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Gazi Universitetində anlamlı tədbir keçirilib. Belə ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Gazi Universitetində yaradılan Azərbaycan dili tədris ocağında keçirilən növbəti Açıq dərs olub. Bu dəfə Açıq dərs Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan dili kursunun təlimçisi və Gazi Universitetinin doktorantı Şəhla İbişova məlumat verilib.
Məlumatda deyilir ki, Açıq dərsdə Azərbaycan Mədəniyyət Mərkəzinin və Gazi Universitetinin nümayəndələri, Azərbaycan dili kursunun tələbələri, Mədəni Diplomatiya və Əməkdaşlıq Dərnəyinin üzvləri, Türkiyə Bilişim Dərnəyinin üzvləri iştirak ediblər: “Azərbaycan dili kursunun təlimçisi və Gazi Universitetinin doktorantı Şəhla İbişova öncə Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən Açıq dərsin proqramının gedişi haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb”.
Məlumata görə, sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tarixində oynadığı mühüm rol barədə danışıb. Natiq Ulu Öndərin Azərbaycanın müstəqilliyinin xilaskarı və Azərbaycançılıq ideologiyasının müəllifi kimi tariximizdə əbədi, silinməz iz qoyduğunu bildirib.
Daha sonra Gazi Universitetinin müəllimi və Türkiyə Politika və Strateji Araşdırmalar Vəqfinin başqanı Dr. Sinan Demirtürk Heydər Əliyevin xarici siyasəti haqqında geniş məruzə edib. Dr. Sinan Demirtürk Heydər Əliyevin Türkiyə ilə münasibətlərinə xüsusi diqqət ayıraraq, onun iki ölkə arasındakı qardaşlıq bağlarını necə gücləndirdiyini və bu əlaqələrin regional sabitlik baxımından nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.
Məlumatda deyilir ki, Açıq dərsdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “İz” adlı sənədli film nümayişi olub: “Film Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında unikal məlumatları özündə əks etdirir. Filmin nümayişindən sonra Azərbaycan dili kursunun tələbələri Azərbaycanın və türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin rəhbərliyi ilə təhsil və mədəniyyət sahəsində həyata keçirilən siyasətlə bağlı fikirlərini bölüşüblər. Kursun tələbələrindən Ayşə Şimşək “Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına töhfələri” mövzusunda, Dilara Dilşah Kaya isə “Heydər Əliyev dövründə media və dövlət-media münasibətlərinin inkişafı” mövzusunda məruzə ediblər”.
İlk şərhi yaza bilərsiniz