Son yeniləmə: 11 May 2025
BAYRAQDAR MEDİA – Georgi lenti (Георгиевская лента) haqqında qısa qeydlərimizi təqdim edirik.
Mənbələr “Georgi lenti”nin 26 noyabr 1769-cu ildə Rusiya çariçası 2-ci Yekaterina tərəfindən təsis edildiyini yazır. Bildirilir ki, bu lent “Müqəddəs Georgi” ordeninin təsis edilməsi ilə bərabər dünyaya gəlib. Yəni həmin ordenin asılması üçün istifadə edilib.
O da bildirilir ki, Georgi lenti sözügedən ordenlə bərabər 1768-1774-cü illərdə Rusiya İmperiyasının türklərə qarşı savaşlarında cəsarəti ilə fərqlənmiş (türklərə qan uddurmuş – A.H.) şəxslər üçün nəzərdə tutulub. Yəni həmin lent konkret olaraq türk millətinə qarşı amansızlığı ilə seçilmiş şəxsləri təşviq etmək üçün təsis olunub…
Hələ bu bir yana, Georgi lenti təsis edildikdən sonra günümüzə qədər Rusiya dövlətinin ən hörmətli təltiflərindən biri sayılır. Ki, bu lent və o lentdən asılan orden və medallar sonrakı mərhələdə Türküstanda, həmçinin Qafqazlarda, eləcə də Quzey və Güney Azərbaycanda türklərə qarşı amansızlıqda ad çıxaranlara verilirdi. Elə bu gün də həmin təltifi qanlı rus imperiyasına xüsusi “xidmətləri” ilə seçilənlərə verirlər…
Bir az uzaqdan dolaşıb gəldik, amma təəccüblənməyin. Məsələ ondadır ki, həm Türküstanda, həm də Qafqazlarda – Azərbaycanda hələ də bu lenti yaxasına taxacaq qədər yaddaşsız manqurtlar qalır! Ağır dərddir, deyilmi?
Bir Azərbaycan vətəndaşı bir zamanlar məhz bizim soyumuzu qurudanlar üçün nəzərdə tutulmuş rəmzi yaxasında niyə daşısın ki?
Yaddaşsızlıq?
Bilgisizlik?
Bəlkə qərəz və qəsd?
Məncə ilk ikisi sonuncu üçün bir bəhanə rolunu oynayır! Bəli, məhz elə! Rusa və onun qanlı imperiyasına hələ də xidmət edən manqurtlar geniş anlamda bilgisizliyi və yaddaşsızlığı fürsət bilərək qəsd etməkdən geri durmurlar!
Azərbaycan, eləcə də Türkistandakı türk dövlətləri – Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan bu məsələ ilə bağlı ciddi tədbirlər görməlidir. Həm də dövlət səviyyəsində. Həm də Georgi lentinin əsl mahiyyəti orta məktəb dərsliklərində ayrıca bir dərs olaraq keçilməlidir ki, kimsə bilgisizliyi bəhanə edərək onu yaxasına taxa bilməsin!

İndi isə ən əsas mərama gəlib çıxdıq.
Mayın 9-da Moskvada qanlı Rusiya imperiyası faşizm üzərindəki qələbənin 80 illiyinə həsr edilmiş parad keçirdi. (Hələ onu demirik ki, faşist Rusiyası – bu qanlı imperiya hazırda Ukraynaya qarşı alman faşistlərindən qat-qat artıq əməllər törədir! – A.H.) Azərbaycan Prezidenti İlham Əliyev də dəvətli idi. Amma biz də daxil olmaqla Azərbaycan ictimai rəyi ilə işləyən insanlar çoxluğun fikrini ifadə edərək Prezidentin o parada getməməsini arzu edirdi. Elə də oldu. Sən demə, elə İlham Əliyevin özü də məlum parada getməməyin daha doğru olacağını bizdən yaxşı bildiyi üçün iştirak etmədi, bir daha xalqın sevgisini qazandı.
Həm də sevindirici odur ki, ölkəmizdə Rusiya ilə həmahəng hərəkətlənmə də müşahidə edilmədi. Prezident İlham Əliyev Ermənistanın işğalından azad edilmiş torpaqlara getdi, açılışlar elədi, gözəl başlanğıclara imza atdı. Yəni biz bu dəfə də müstəqil dövlət olaraq öz həyatımızı yaşadıq, sevindik.
Lakin…
Lakin aranı bir balaca xəlvət sananlar da boş durmadılar…
Ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Rus Gəncləri Assosiasiyası bu dəfə də edəcəyini etdi. Bugünlərdə tədbirlər keçirdilər, ziyarətlər gerçəkləşdirdilər və bol-bol Georgi lentini təbliğ və təşviq etdilər!
İndi kimsə çıxıb deyə bilər ki, bəs, bunlar axı urus balalarıdır, öz etnik kökənlərinin bağlı olduğu dövlətin siyasətini dəstəkləyə bilərlərmiş!
Əsla elə deyil!
Bu urus gəncləri Azərbaycan vətəndaşlarıdır, Azərbaycan dövlətinin siyasətinə uyğun davranmağa, dövlətə sadiq olmağa borcludurlar! Ona görə də dövlət Georgi lenti daşımağı uyğun görmürsə, onlar da daşımamalı və təbliğ/təşviq etməməlidir!
Hələ onu da əlavə edək ki, Azərbaycan Rus Gəncləri Assosiasiyası adlanan bu qurumun üzvlərinin az qala 90 faizi urus balası deyil! Bu da başqa söhbətin mövzusudur…

Bir də Azərbaycan tatarları var. Qanı qanımızdan, canı canımızdan olan türkdür bunlar da. Amma baxırsan ki, adamların işi-gücü urus imperiyasının dövlət siyasətini Azərbaycanda ayaqda tutmaqdır! Ortaq ünsiyyət dilləri də uruscadır! Və ən pisi də odur ki, Georgi lentini yaşadan həm də bu tatar qandaşlarımızdır! Belə anlaşılır ki, urusların Süyümbikədən üzü bəri tatarlara uddurduğu qanları bu soydaşlarımız çoxdan və birdəfəlik unudublar…

Sonda əsas məsələyə gəlirəm: Azərbaycan dövləti bəzən ideoloji məsələlərdə çox ciddi boşluqlara yol verir. Olmaz belə. Bu işlərə məsul olan şəxslər daha diqqətli və məsuliyyətli olmalıdır. Amma kimə deyirəm ki, bunu? Bəzən elə məhz o ideoloji işlərlə məşğul olanların özləri dövlət dilində deyil, urus dilində danışmağa üstünlük vermirmi?..
İlk şərhi yaza bilərsiniz