Gecikdirilmiş 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsi təmin edilib
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Bu barədə nazirliyin məlumatında qeyd edilib.
Bildirilib ki, “görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Onun 88,9 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub”.
Məlumata görə, müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 30 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib: “Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar”.
İlk şərhi yaza bilərsiniz