Press "Enter" to skip to content

TÜİB tərəfindən “Həmrəylik Proqramı” təşkil olunub

Tədbirdən xatirə fotosu

Saatlı rayonunun Axundov kəndində təşkil edilən proqramın məqsədi Ahıska türklərinin tarixi və mədəni irsinə diqqət çəkmək, bu topluma olan mənəvi dəstəyi ifadə etməkdir

BAYRAQDAR MEDİA – “Tariximizin ağrılı səhifələrindən biri olan, sürgün və sıxıntılara rəğmən kimliyini və dəyərlərini qorumağı bacaran Ahıska türkləri bu gün Azərbaycanın sosial-mədəni həyatında önəmli yer tutan, qardaşlıq və həmrəylik ruhunu yaşadan bir icmadır. Orta Asiya coğrafiyasında ən çox zülmə məruz qalmış toplumlardan olan Ahıska türkləri Azərbaycan cəmiyyətinə sürətlə inteqrasiya edərək müxtəlif sahələrdə fəal iştirak etmiş, eyni zamanda öz dillərini, mədəniyyətlərini qorumağı bacarmışlar”.

Bu fikirlər Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyindən (TÜİB) BAYRAQDAR MEDİA-ya verilən məlumatda öz əksini tapıb.

Mərasim zamanı
Mərasim zamanı

Məlumata əsasən, bu çərçivədə, TÜİB tərəfindən mayın 10-da Saatlı rayonunun Ahıska türklərinin kompakt şəkildə yaşadığı Axundov kəndində “Həmrəylik Proqramı” təşkil olunub: “Proqramın məqsədi Ahıska türklərinin tarixi və mədəni irsinə diqqət çəkmək, bu topluma olan mənəvi dəstəyi ifadə etmək və Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirməkdir.

Tədbirdə Türkiyə Ombudsmanı Şeref Malkoç, Cihannüma Dərnəyi və İnsani Yardım Vəqfi (İHH) heyəti iştirak edib”.

Məlumata görə, yerli icma nümayəndələri ilə keçirilən görüşlərdə həm həmrəylik və dostluq mesajları səsləndirilib, həm də mövcud sosial və iqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparılıb: “Proqram çərçivəsində dostluğun, birlik və qardaşlığın simvolu olaraq kənddə yerləşən məscidin həyətində ağacəkmə aksiyası keçirilib və birgə xatirə şəkilləri çəkilib. Eyni zamanda Axundov kəndində yerləşən, 1944-cü il sürgününü yaşamış və ömrünün son illərini Saatlıda keçirən İbrahimoğlu Vehbi Soyakın məzarı ziyarət olunub, onun həyatı haqqında iştirakçılara ətraflı məlumat verilib”.

Məlumatda deyilir ki, səfər çərçivəsində, həmçinin, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-cü ildönümü münasibətilə kənd sakinləri üçün Batıgöz Tibb Mərkəzinin səyyar müayinəsi təşkil edilib: “Bu humanitar təşəbbüs bölgə əhalisi tərəfindən böyük məmnuniyyətlə qarşılanıb”.

İbrahimoğlu Vehbi Soyakın məzarı ziyarət olunub
İbrahimoğlu Vehbi Soyakın məzarı ziyarət olunub

Bundan əlavə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ebru sənəti üzrə ustadları Duygu Orak və Rümeysa Demir tədbir zamanı uşaqlara ebru sənəti ilə tanış olma və bu sənəti yerindəcə təcrübə etmək imkanı yaradıblar: “Uşaqlar bu rəngli və mənalı sənət növü ilə tanış olaraq yaradıcı fəaliyyətə böyük maraq göstərdilər.

TÜİB olaraq inanırıq ki, Ahıska Türklərinin taleyi yalnız tariximizin bir səhifəsi deyil, həm də ortaq gələcəyimiz üçün əhəmiyyətli bir dəyərdir. Bu kimi təşəbbüslər vasitəsilə birliyimizi və qardaşlığımızı daha da gücləndirməyə davam edəcəyik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.