Press "Enter" to skip to content

Türkiyə hər zaman qardaş Pakistanın yanındadır

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: Hindistanda səslənən “İstəsək, Türkiyəni yerlə-yeksan edə bilərik” kimi məsuliyyətsiz, absurd açıqlamaların reallıqla heç bir əlaqəsi yoxdur

BAYRAQDAR MEDİA – “Türkiyə ilə Hindistan arasında əlaqələr 1948-ci ildən etibarən qurulub. Hər iki ölkə arasında siyasi, iqtisadi və turizm sahəsində əlaqələr var. Lakin iki ölkə arasında hərbi əməkdaşlıq mövcud deyil”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Hindistan arasındakı son gərginliyin mərkəzində dayanan əsas amil Hindistanla Pakistan arasındakı Kəşmir probleminə Türkiyənin yanaşmasıdır: “Daha dəqiq desəm, Türkiyənin haqqı müdafiə edərək Pakistanın yanında dayanması Hindistanı razı salmayıb. Halbuki Türkiyənin Pakistanın yanında dayanması, Pakistanın haqlı davasını dəstəkləməsi təbiidir. Çünki eyni yanaşmanı Qurtuluş Savaşından bu günə kimi qardaş Pakistan sərgiləyib. Bu gün də haqlı olaraq Türkiyə Pakistanın yanındadır”.

Hindistanda bəzi şəxslər tərəfindən “Pakistan-Hindistan müharibəsinə Türkiyənin də müdaxilə etdiyi və Türkiyə tərəfindən guya Kəşmir bölgəsinə 3 min nəfərin göndərildiyi” iddiasının səslənməsi, həmçinin bəzi hədyanların səsləndirilməsinə gəlincə müsahibimiz deyib: “Hindistanda rəsmi şəxslər tərəfindən olmasa da, bəzi siyasətçilərin və hərbçilərin Türkiyə əleyhinə hədyanlar səsləndirməsi təbii ki, qəbuledilməzdir. Eyni zamanda bu cür hədyan iddiaların heç bir əsası yoxdur. O ki, qaldı “Hindistanın nüvə gücü olduğunu unudursunuz. İstəsək, Türkiyəni yerlə-yeksan edə bilərik” kimi sarsaq fikirlərə, xatırladım ki, Türkiyə ilə Hindistan arasında 4200 kilometrlik məsafə var. Yəni, Hindistanda səslənən “İstəsək, Türkiyəni yerlə-yeksan edə bilərik” kimi məsuliyyətsiz, absurd açıqlamaların reallıqla heç bir əlaqəsi yoxdur”.

Dr. Yücel Karauz onu da əlavə edib ki, əslində Hindistanla Pakistan arasında döyüşün uzun sürməyəcəyi bəlli idi: “Biz hələ ilk anlardan bu toqquşmanın uzun sürməyəcəyini bildirmişdik. Bu ehtimalımızın təsdiqlənməsi üçün çox da gözləmək lazım gəlmədi. Artıq iki ölkə arasında atəşkəs əldə edilib. Bununla belə gərginlik və problem qalmaqdadır. İstənilən halda isə Türkiyə hər zaman qardaş Pakistanın yanındadır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.