BAYRAQDAR MEDİA – Dövlət tibb müəssisələrində işləmək istəyən həkim və orta tibb işçiləri üçün işə qəbul prosesi tamamilə rəqəmsallaşdırılıb. Artıq namizədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytında sehiyye.gov.az və ya kabinet.e-health.gov.az, eləcə də TƏBİB-in rəsmi internet saytında www.tabib.gov.az “Karyera” bölməsinə keçid edərək öz ixtisasına uyğun olan vakansiyaları görə, izləyə və ya seçə bilərlər.
Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, “namizədlərin müraciətini asanlaşdırmaq məqsədilə TƏBİB-in rəsmi internet saytındada “Tibb müəssisələrinə həkim və orta tibb işçilərinin işə qəbulu” adlı alt bölmə yaradılıb. Saytda yuxarı hissədə görünən “Karyera” bölməsinə keçid etməklə, qeyd olunan alt bölməyə daxil olaraq buradan vakant yerlərlə tanış ola bilərlər. Namizədlər buradan “Müəssisə” bölməsindən müraciət etmək istədiyi tibb müəssisəsini, ”Vəzifə” bölməsindən isə tibb müəssisələrində həkim və orta tibb vəzifələri üzrə elan olunmuş vakansiyaları seçə bilərlər. Müraciət üçün sadəcə “Müraciət et” düyməsini aktivləşdirmək yetərlidir”.
Məlumata görə, bu zaman sistem sizi Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə yönləndirəcək və orada “Şəxsi kabinet” yaratmaqla, ilkin prosesə başlayacaqsınız: “Yalnız bundan sonra siz uyğun vakansiyanı seçərək sənədlərinizi elektron şəkildə sistemə yükləyirsiniz və ərizəni təsdiqləyirsiniz. Bunun üçün sizə 15 iş günü vaxt verilir. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, bu barədə namizədə 1 iş günündən gec olmayaraq məlumat verilir. Namizəd həmin çatışmazlıqları ən geci 5 iş günü müddətində aradan qaldırmalıdır. Sənədləriniz avtomatlaşdırılmış qaydada yoxlanılır. Bütün sənədlər qaydasındadırsa, müsahibəyə dəvət alırsınız. Tibb müəssisələrinə işə qəbul olunmaq istəyən hər bir namizədin bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğun olmasının müəyyən edilməsi məqsədilə müsahibə keçirilir. Müsahibələr Komissiyanın iştirakı ilə keçirilir. Uyğun namizəd seçildikdə nəticə şəxsi kabinetinizə və e-mail ünvanınıza göndərilir”.
İlk şərhi yaza bilərsiniz