Fahrettin Altun: Türkiyə bu mərhələyə çatana qədər müxtəlif bədəllər ödəyib
BAYRAQDAR MEDİA – “Bölücü terror təşkilatının silahı yerə qoyması və özünü buraxması barədə qərarını açıqlaması, sayın Cümhurbaşqanımız Recep Tayyip Erdoğanın rəhbərliyi ilə həyata keçirilən “Terrorsuz Türkiyə” prosesinin güclənərək önəmli bir mərhələni keçdiyinin açıq göstəricisi olmuşdur”.
Bu fikirlər Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı İletişim Başkanı Prof. Dr. Fahrettin Altunun PKK-nın özünü buraxmasına dair dəyərləndirməsində öz əksini tapıb.
F.Altunun X sosial şəbəkə hesabından edilən paylaşımda deyilir ki, Türkiyə bu mərhələyə çatana qədər 40 ildən artıq davam edən müddətdə müxtəlif bədəllər ödəyib, çətinliklər çəkib və ən əsası da vətən uğrunda övladlarını şəhid verib: “Bu günə gəlinməsində əvəzsiz əməyi olan bütün şəhidlərimizi rəhmət və minnətlə anırıq. Şübhəsiz ki, “Terrorsuz Türkiyə” prosesi ötən gündən bu günə qədər formalaşan qısamüddətli və səthi bir proses olmadığı kimi, sabah bir gündə tamamlanacaq bir proses də deyil. Gözəl ölkəmiz Türkiyənin və əziz millətimizin terror, zorakılıq və xaosdan uzaq olduğu, əmin-amanlığın, sülhün və sabitliyin hökm sürdüyü bir mühitin təmin olunması üçün Türkiyə Cümhuriyyəti dövləti bütün bilik, potensial və təcrübəsi ilə çalışmağa davam edəcək”.
Paylaşımda, həmçinin qeyd edilir ki, sözügedən prosesin sağlam və fasiləsiz şəkildə irəliləməsi üçün lazımi tədbirlər görüləcək, bütün addımlar həssaslıq və şəffaflıqla, qətiyyət və diqqətlə atılacaq: “Əziz millətimiz də bu prosesdə dövlətimizin, hökumətimizin və sayın Cümhurbaşqanımızın ortaya qoyduğu siyasi iradənin dəstəkçisi olduğunu hər fürsətdə nümayiş etdirir. Bu şüurla, Milliyyətçi Hərəkat Partiyasının sədri cənab Devlet Bahçelinin çağırışı ilə başlanan, sayın Cümhurbaşqanımız Recep Tayyip Erdoğanın iradəsi və liderliyi ilə davam edən, millət və dövlət olaraq əl-ələ verdiyimiz “Terrorsuz Türkiyə” yürüşümüzün ölkəmiz və bölgəmiz üçün xeyirli olmasını diləyirəm”
İlk şərhi yaza bilərsiniz