BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev mayın 13-də qardaş Türkiyənin milli müdafiə naziri Yaşar Güleri qəbul edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Xəbərə əsasən, “İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanı təbrik edib. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Prezident bu məsələdə Türkiyə Cümhurbaşqanının siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi. Bununla yanaşı, Prezident vurğuladı ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. Həmçinin bunun, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələ olduğunu qeyd etdi”.
Qeyd edildi ki, “Yaşar Güler təbriklərə görə minnətdarlığını bildirərək ilk növbədə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın salamlarını Prezidentə çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Cümhurbaşqanına çatdırmağı xahiş etdi”.
Xəbərdə bildirilib ki, “qonaq bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd etdi ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi. Yaşar Güler bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirdi və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxundu. Nazir qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini dedi”.
Son olaraq, “Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulandı. Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulandı. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı”.
İlk şərhi yaza bilərsiniz