BAYRAQDAR MEDİA – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru vəzifəsinə təyin olunub. L.Quliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2002-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (musiqişünaslıq ixtisası) bakalavr və 2004-cü ildə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib”.
Sonra xəbərdə, “O, 2004-cü ildə Azərbaycan Milli Konservatoriyasının (AMK) Musiqinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 2008-ci ildə “Cahangir Cahangirov yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. 2022-ci ildə həmin kafedranın professoru vəzifəsinə seçilib. LQuliyeva 2013–2023-cü illərdə AMK-nın İfaçılıq və Musiqi sənəti fakültələrinin dekanı vəzifələrində çalışıb. 2023-cü ildən son təyinatadək konservatoriyadakı İmtahan Mərkəzinin rəhbəridir” deyə bildirilir.
L.Quliyeva “Xarici musiqi tarixi”, “Musiqi tarixi”, “Müasir musiqi” proqramlarının, bəstəkarlar Azər Rzayev və Həsən Rzayevlə bağlı kitabçaların, “Cahangir Cahangirov” adlı monoqrafiya və digər nəşrlərin müəllifidir.
İlk şərhi yaza bilərsiniz