Press "Enter" to skip to content

İşgüzar əlaqələrin inkişafı istiqamətində növbəti addım

İmzalanma mərasimindən xatirə fotosu

“MÜSİAD Azərbaycan”la “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi mayın 13-də Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri öz işinə başlayıb. Sərginin ikinci günü də yaddaqalan məqamlarla, həmçinin MÜSİAD Azərbaycan və Sərgi Təşkilatçıları Arasında Əməkdaşlıq Memorandumunun imzalanması ilə yadda qalıb.

İmzalanma zamanı
İmzalanma zamanı

Bu barədə bir qədər sonra, hələlik isə qeyd edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. Məlumata görə, sərgilərə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri-Lanka, Türkiyə, Türkmənistan və Yunanıstandan şirkətlər qatılıb. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirirlər.

Məlumatda o da vurğulınr ki, bu il ilk dəfə olaraq dörd gün davam edəcək “Caspian Agro” sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, ağıllı kənd, startaplar, alternativ enerji mənbələri, “Green agro” kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər.

"MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin üzvləri
“MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin üzvləri

Bundan başqa, builki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsi də təmsil olunur. “Caspian Agro” sərgisi balıqçılıq və akvakultura sahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin və qabaqcıl texnologiyaların nümayişi üçün mühüm platformadır.

Bunları qeyd etdikdən sonra qayıdaq yazının əvvəlində qeyd etdiyimiz məqama.

Belə ki, mayın 14-də Bakı Ekspo Mərkəzində MÜSİAD Azərbaycan İctimai Birliyi ilə “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya “MÜSİAD Azərbaycan”dan məlumat verilib.

Bildirilib ki, “Memorandumun imzalanmasında əsas məqsəd MÜSİAD Azərbaycan üzvlərinin yerli və beynəlxalq sərgilərdə iştirakının təşviqi, sərgi və biznes tədbirləri sahəsində qarşılıqlı informasiya və məsləhət mübadiləsinin gücləndirilməsi, həmçinin iş adamları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsidir. Tərəflər bu çərçivədə qarşılıqlı təşkilati dəstək göstərməyi və ixtisaslaşmış tədbirlərdə iştirakı təşviq etməyi öhdələrinə götürüblər”.

MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin üzvləri 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini ziyarət ediblər
MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin üzvləri 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini ziyarət ediblər

Məlumatda deyilir ki, Memorandumun imzalanmasından sonra “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin üzvləri 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini ziyarət ediblər: “Sərgi çərçivəsində qablaşdırma məhsulları istehsal edən MÜSİAD Azərbaycan üzvü “ATA PACK” şirkətinin stendi ilə yanaşı, İtaliyanın “Lutrasil” və “Idromeccanica Lucchini” kimi qabaqcıl kənd təsərrüfatı texnologiyaları üzrə ixtisaslaşmış şirkətlərinin stendlərinə də baxış keçirilib”.

Baxış əsnasında belə bir ümumi fikir ifadə edilib ki, bu kimi əməkdaşlıqlar işgüzar əlaqələrin inkişafına və biznes fəaliyyətlərin daha məqsədyönlü təşkili üçün imkan yaradır.

Mission News Theme by Compete Themes.