BAYRAQDAR MEDİA – Əvvəllər şəhərdə tatu (döymə) etdirənləri az görürdüksə, son dövrlər çoxdur, həmçinin həm oğlanlar, həm də qızlar arasında tatuya maraq daha da çoxalıb.
Eləcə də bir çox insanların tatuya mənfi düşüncəsi də azalıb.
Tatunu müasir dövrün aksesuarı da adlandırırlar.
Düşünürəm ki, bədənin hər hansı bir nahiyəsinə kiçik, incə cizgilər etdirmək həm də estetik cəhətdən insana gözəllik qatır.
Bildirim ki, mənim də tatuya marağım var. Elə növbəti tatuları etdirmək üçün yollandım Çingiz Eyvazovun tatu studiyasına.
Qeyd edim ki, Çingiz bəyi bir neçə ildir tanıyıram. İlk tatumu da 3 il əvvəl məhz o edib.
Bəs görəsən tatu zərərlidirmi? Nə kimi ziyanları ola bilər? Bu və digər suallarımızı Çingiz bəy elə tatu əsnasında cavablandırdı.
-Neçə ildir bu sahə ilə məşğulsunuz?
-Tatu işi ilə 1993-cü ildən bəri məşğul oluram. Bu işə Türkiyədə başlamışdım.
-Sevərək bu sahəni seçmisiniz, yoxsa həyat elə gətirib?
-İşimə sevərəkdən başlamışam. Arzum professional tatu ustası olmaq idi. Hazırda sənətimə tam professional, steril şərtlərdə davam edirəm.
-Bu iş gəlirli sahədirmi?
-Bu iş çətin olduğu üçün, bəli, gəlirli işdir. Amma dediyim kimi tam professional olmaq, işini sevə-sevə, təmiz, steril etmək, həmçinin əldə etdiyimiz qazancın haqqını vermək lazımdır.
-Azərbaycanda tatuya yanaşma necədir?
-Azərbaycanda tatu tələbatı çoxalır. Hər kəs öz istəyini, arzu etdiyi simvolları elətdirir. Yəni əvvəlki illərlə müqayisə etsək çoxalma var və normal qəbul edənlər də çoxalıb.
-Bu günədək etdiyiniz və sizə də çox maraqlı, diqqətçəkən gələn tatu hansı olub? Varmı elə biri?
-1996-cı ildə Türkiyədə bir adama lazerlə əməliyyat olmuş kimi əməliyyat izi eləmişdim. Çox uğurlu olmuşdu. Digər maraqlı tatular etdiyim də çox olub.
-Ən çox hansı yaş qrupundan olan insanlar sizə müraciət edir?
-Tatuya ən çox müraciət edən yaş qrupu 20 yaşların üstüdür. Eləcə də 60-65 yaşa qədər gələnlər olur. 18 yaşdan aşağı olan şəxslərə tatu etmirik. Ancaq valideynlə gəldikləri zaman edirik.
-Bəs tatu zərərlidirmi? Nə kimi ziyanları ola bilər?
-Tatunun zərəri yoxdur. Təmiz elədikdən sonra və baxımına da dediyimiz kimi riayət eləsələr, heç bir zərərlə qarşılaşmazlar. İndi hər şey bir dəfə istifadə üçündür.
-Hepatit, QİÇS və qanla keçən başqa infeksiyaların qarşısının alınması üçün hansı tədbirlər görürsünüz?
-Qeyd etdiyim kimi, hər şey bir dəfə istifadə üçündür. Müştərinin gözü önündə paketdən yeni iynələr açılır, boyalar kiçik və bir dəfə istifadə üçün qapaqcıqlarda istifadə olunur, iş bitdikdən sonra isə atılır. Yəni bu xüsusda steril çalışmaq, bəli, çox vacibdir. Müştərinin tatusuna başlamazdan öncə onu 2-3 dəqiqə ləvazimatla tanış edirik. Bunu həm də ona görə edirik ki, müştərinin məlumatı olsun, birdən başqa yerlərdə tatu etdirsələr, sterilliyin necə olduğunun fərqində olsun.
-Gigiyenik qaydalara əməl olunması üçün dövlət tərəfindən nəzarət varmı?
-Gigiyenik yöndən hər ay studiyamıza həkim gəlir, nəzarət edir.
-Son olaraq nələr demək istəyirsiniz?
-İndiki nəsil tatu ustalarına sözüm odur ki, işlərini təmiz, steril şərtlərdə, vicdanla, sevərək etsinlər. Bu işin geri dönüşü olmadığı üçün çox diqqətli olsunlar və hər kəsə də öz işində uğurlar diləyirəm.
-Çox sağ olun, biz də sizə uğurlar diləyirik.
Sözardı: Mənsə yeni tatularımı etdirərək sevinclə məkandan ayrıldım. Çingiz bəyə isə həm suallara cavabına, həm də gözəl tatulara görə təşəkkür etdim.
Düşünürəm ki, yenilənmək gözəldir. Çoxları tatu etdirməyə də yenilənmək kimi yanaşır. Elə olsun, yetər ki, bu həyatda özümüz ola bilək, öz istəklərimizi həyata keçirərək yaşayaq. Bu, elə tatu da ola bilər…





