BAYRAQDAR MEDİA – Mayın 13-də 8-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri çərçivəsində 5-ci “Qızıl şah” Milli Kulinariya Çempionatı başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “çempionat DTA və tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının tərəfdaşlığı (“Wordlchefs”) ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunur. Bu ilki yarışlarda Azərbaycan, Türkiyə, Özbəkistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Belarus, Xorvatiya, Serbiya və Kuzey Kıbrıs Türk Cümhuriyyətini təmsil edən ümumilikdə 10 beynəlxalq komanda iştirak edir. Bununla bərabər, 30-dan çox yerli komanda, 300-dən çox aşpaz fərdi iştirakçı kimi 10-dan artıq kateqoriya üzrə mübarizə aparır. 5-ci “Qızıl şah” Milli Kulinariya Çempionatının münsiflər heyəti 16 ölkədən olan, “Worldchefs” tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlardan ibarətdir”.
Ardınca xəbərdə, “4 gün davam edəcək çempionatın keçirilməsində əsas məqsəd ümumilikdə qastronomiyanın inkişafına töhfə verməklə, qastroturizm potensialının genişləndirilməsi, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşpazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişafı etdirilməsini, eləcə də milli mətbəx nümunələrinin hazırlanma metodologiyasının dünya aşpazları tərəfindən öyrənilməsini, bütövlükdə ölkəmizin qastroturizm destinasiyası kimi tanınmasını təmin etməkdir” deyə bildirilir.
Qeyd edək ki, “Qızıl şah” Milli Kulinariya Çempionatı 2024-cü ildən etibarən, həmçinin “Wordlchefs”lə birgə təşkil edilən “Gold Shah” kontinental (qitə) aşpazlar çempionatına ev sahibliyi etmək hüququnu əldə edib. Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası (“Wordlchefs”) tərəfindən rəsmi olaraq tanınan ilk yerli çempionat kimi “Qızıl şah” Milli Kulinariya Çempionatı digər ölkələrin də komandalarını qəbul etmək imkanı qazanıb.
Bundan əlavə, beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək daha yüksək səviyyəli hakimlər münsiflər heyətinə cəlb edilib.
İlk şərhi yaza bilərsiniz