BAYRAQDAR MEDİA – Uqandanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (DN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “onlayn görüş Ümumdünya Səhiyyə Assambleyasının 78-ci sessiyası ərəfəsində Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin qlobal səhiyyə problemləri və onların müvafiq həlli yollarının müzakirəsinə həsr olunub. İştirakçıları salamlayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus tədbirin mahiyyətini vurğulayaraq beynəlxalq konfransın işinə uğurlar arzulayıb. Öz növbəsində Uqandanın səhiyyə naziri xanım Ceyn Rut Asenq xatırladıb ki, Qoşulmama Hərəkatının 2024-cü ilin yanvarında Kampalada keçirilən XIX Zirvə toplantısında dövlət və hökumət başçıları COVID-19, HİV/QİÇS, malyariya, vərəm, hepatit və digər xəstəliklər kimi epidemiyaların yaratdığı qlobal təhlükədən narahatlıqlarını bildiriblər”.
Sonra xəbərdə, “iclasda çıxış edən səhiyyə naziri Teymur Musayev Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycanın 2019-2023-cü illər üçün sədrliyi öz üzərinə götürdüyünü vurğulayıb. 2020-ci ilin əvvəlində dünya ölkələrinin COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Hərəkata sədrliyinə məsuliyyətlə yanaşması diqqətə çatdırılıb. Nazir Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü bildirib. T.Musayev, həmçinin Azərbaycanın son dövrlərdə səhiyyə sahəsində əldə olunmuş nailiyyətləri sırasında icbari tibbi sığortanın tətbiqi, səhiyyə xidmətlərinin rəqəmsallaşdırılması, Elektron Resept Sisteminə keçidi qeyd edib. Sonda Azərbaycanın səhiyyə naziri pandemiyanın qarşısının alınmasının, hazırlığın və ona qarşı mübarizənin milli gündəmlərdə olmasının, bütün vətəndaşlar üçün optimal fiziki və psixi sağlamlığın təmin edilməsinin, ilkin tibbi yardıma diqqət yetirməklə universal tibbi əhatəyə nail olunmasının vacibliyini vurğulayıb” deyə bildirilir.
Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Azərbaycanın Hərəkata 4 illik uğurlu sədrliyini yüksək qiymətləndirib, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Pandemiyanın ən çətin dövründə Azərbaycan nəinki sədrlik vəzifəsini səmərəli yerinə yetirdiyi, həm də Hərəkatın fəaliyyətini xeyli aktivləşdirilməsi xüsusilə vurğulanıb.
İclasın sonunda milli sağlamlıq məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.
İlk şərhi yaza bilərsiniz