BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə bu vəzifəyə təyin edilib. L.Muradzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2008-ci ildə adı Prezidentin müvafiq Sərəncamı ilə gənc istedadların “Qızıl kitabı” na daxil edilib. O, Bakı Musiqi Akademiyasında xor dirijorluğu üzrə bakalavr və magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib. 2023-cü ildə “Azərbaycan a capella xor musiqisində muğamın təcəssümü (1990-cı illərə qədər)” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib”.
Uzun müddətdir Uşaq Filarmoniyasında çalışan L.Muradzadə 2012–2017-ci illərdə Azərbaycan Dövlət Xor Kapellasının artisti olub. 2024-cü ildən paralel olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin aparıcı metodistidir. Azərbaycanda uşaq və gənclərdən ibarət ilk xor musiqi albomunun müəllifidir.
İlk şərhi yaza bilərsiniz