Türkiyədə yerləşən uçuş məktəbləri Azərbaycandan olan gənclərə pilot olmağın sirlərini öyrədəcək
BAYRAQDAR MEDİA – “Türkiyədə fəaliyyət göstərən uçuş məktəbləri qardaş ölkə Azərbaycan üçün də pilot namizədləri yetişdirəcək. Belə ki, türk dünyası ölkələrinin aviasiya standartlarının daha da genişləndirilməsi məqsədilə, həm Türkiyənin aviasiya şəhəri, həm də bir zamanlar türk dünyasının paytaxtı elan edilmiş Eskişehir şəhərində yeni bir proqramın icrasına qərar verilib”.
Bu barədə BAYRAQDAR MEDİA-ya Anadolu Uçuş və Aviasiya Akademiyasının qurucusu, Sivil Aviasiya Baş İdarəsində sabiq şöbə müdiri, kapitan pilot Oral Büyüksarı məlumat verib.

Onun sözlərinə görə, layihə olduqca maraqlı və əhəmiyyətlidir: “Layihə çərçivəsində beynəlxalq təcrübəyə sahib olan uçuş məktəbləri bir araya gələrək Azərbaycandan pilot olmağı arzulayan tələbələri də səmalarla tanış edəcək. Bu məqsədlə iyun ayında Bakıda tələbə seçimi aparılacaq. Təxminən 15 ay davam edəcək təlimdən sonra tələbələrə pilot lisenziyası veriləcək. Təhsilini başa vuran pilotlar həm Azərbaycanda, həm də beynəlxalq hava yollarında çalışa biləcəklər”.
Oral Büyüksarı deyib ki, bu məktəblər 2004-cü ildən bəri Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən müəyyənləşdirilən kriteriyalara uyğun şəkildə EASA standartlarında fəaliyyət göstərirlər: “Onu da deyim ki, tələbələrə münasib ödəniş şərtləri və yataqxana imkanları təqdim olunacaq. Layihə 30 illik aviasiya təcrübəsinə sahib, nəzəri dərsləri professor səviyyəsində tədris edən, hazırda hava yollarında çalışan kapitan pilotlar, azərbaycanlı kapitanlar, həmçinin əvvəllər Sivil Aviasiya Baş İdarəsində vəzifə tutmuş idarə rəisləri və müdirlərin nəzarəti ilə həyata keçiriləcək”.
GDH Məktəbinin qurucusu və sahibi, Sivil Aviasiya Baş İdarəsində Lisensiya Müdirliyi vəzifəsində çalışmış Hasan Sarıdağ isə deyib ki, hədəfi pilot olmaq olan bütün gənclərimizi yetişdirdik və yeni nəsli də yetişdirmək istəyirik: “Azərbaycandan maraqlanan bütün pilot namizədlərini iyun ayında Bakıda keçiriləcək seçimlərdə görmək istəyirik. Yetərli sayda təlim təyyarələrimiz, texniki heyətimiz, angarımız və tədris kadrlarımızla tələbələri yetişdirməyə hazırıq. İyun ayında Bakıda görüşərik. Seçimlərlə bağlı əlavə suallar olarsa +90 (530) 148 06 41 telefon nömərsi vasitəsilə Selay Tombuloğlu və ya Ali Sarıdağla əlaqə saxlya bilərlər”.
Başkent Yıldızları Uçuş Məktəbinin sahibi Ufuk Erol isə “Azərbaycanlı gəncləri paytaxtımızda qəbul etmək və gözəl şəhərimiz İzmir səmalarında uçurtmaq bizi sevindirəcək”.

Oral Büyüksarı onu da əlavə edib ki, 2013-cü ildə həyata keçirilən “Eskişehir Türk Dünyası Paytaxtı” layihəsi ilə şəhər Türk Dünyası ilə iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq edib: “İndi isə yeni bir layihəmiz var. Aviasiyanın bütün sahələrində lider olan Eskişehir, könül coğrafiyamızdakı qardaş ölkələrlə havacılıq sahəsində türk dünyasına qapılarını açacaq. Uçuş məktəbləri ilə koordinasiyalı şəkildə, 3 universitet, 4 hava limanı vasitəsilə 200 tələbəyə qədər təlim keçə bilərik. Başda qardaş ölkə Azərbaycan olmaqla, türk dünyası ilə müdafiə sənayesi və digər sahələrdə olduğu kimi, havacılıq sahəsində də əməkdaşlığa hazırıq. Əminəm ki, bu layihə havacılıq sahəsində təməl rol oynayacaq və gələcəkdə qardaş ölkələrlə körpü yaradacaq”.
İlk şərhi yaza bilərsiniz