Ankara müasir memarlıq irsi ilə UNESCO Siyahısına daxil edilib
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin paytaxtı Ankara – planlı şəhərsalma yanaşması ilə formalaşan müasir memarlığı və qurulmuş şəhər mühiti sayəsində – UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Bununla da siyahıda yer alan Türkiyə abidələrinin sayı 80-ə çatıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansından (TGA) məlumat verilib.
Bildirilib ki, “Mədəniyyət və Turizm Nazirliyi ilə UNESCO üzrə Türkiyə Milli Komissiyası Ankaranın şəhərsalma təcrübəsinin dünya miqyasında müasir şəhər planlaşdırmasının nümunəsi kimi tanınması məqsədilə birgə namizədlik sənədi hazırlayıb. “Ankara: Respublika Dövründə Müasir Paytaxt Şəhərin Planlanması və Qurulması” adlı bu sənəddə qeyd olunur ki, 1920–1970-ci illər arasında planlaşdırılan və inşa edilən Ankara – ictimai binaları, mədəniyyət məkanları və açıq ictimai sahələri ilə – yeni qurulan milli dövlətin rəmzi olaraq XX əsrin müasir paytaxt şəhəri ideallarını təcəssüm etdirir”.
Məlumata əsasən, sənədin əsas komponentlərinə Atatürk Bulvarının quzey-güney oxu, eləcə də Ulus və Kızılay rayonları daxildir: “Türkiyə Böyük Millət Məclisinin birinci, ikinci və üçüncü binaları, Prezident Kompleksi, Güvən Parkı, Gənclik Parkı, Ulus Meydanı, Ankara Dəmir Yolu Vağzalı, İş Bankı binası, müxtəlif nazirlik binaları və Kızılay Meydanı kimi məşhur tikililər Ankaranın planlı inkişafını və modernləşmə prosesini əks etdirən mühüm elementlər kimi namizədlik sənədində qeyd olunub. Bu sənəd UNESCO-nun mədəni irs üzrə II, IV və VI saylı meyarları çərçivəsində Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib”.
Məlumatda o da qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi, xüsusilə UNESCO başda olmaqla, beynəlxalq əməkdaşlıq mexanizmləri vasitəsilə ölkənin mədəni və təbii irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəal şəkildə fəaliyyət göstərir: “Anadolunun münbit torpaqları ilə əhatələnmiş Ankara, 29 oktyabrda Türkiyə Cümhuriyyətinin qurulmasından sonra, 1923-cü il oktyabrın 13-də rəsmi şəkildə paytaxt elan edilib. Əsrlər boyu Osmanlı İmperiyasına paytaxtlıq etmiş İstanbulun yerini alan Ankara, yeni və müasir Türk dövlətinin mərkəzinə və rəmzinə çevrilib. Minilliklər ərzində Hittitlər, Friglər, Romalılar və Osmanlılar kimi çoxsaylı sivilizasiyalara ev sahibliyi etmiş Ankara bu gün qədim dövrlərə aid izlərdən tutmuş müasir memarlıq möcüzələrinədək uzanan saysız xəzinələri ilə seçilir”.
İlk şərhi yaza bilərsiniz