Press "Enter" to skip to content

Elm adamları bir “yol xəritəsi” hazırlamalıdır

Prof. Dr. Mehmet Yüce: Bu konfrans həm də türk dünyasında elm və təhsil sahəsində əlaqələrin inkişafına mühüm dəstək verəcək

BAYRAQDAR MEDİA – “Hər şeydən öncə onu deyim ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə mövcud olan əməkdaşlığın eyni zamanda elm və təhsil sahəsində də gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan hesab edirəm ki, bu cür tədbirlər həmin dediyimiz istiqamətdə atılan addımlara dəstək verir, həmin addımları daha da gücləndirir”.

Bunu 16-17 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad konfransını BAYRAQDAR MEDİA üçün dəyərləndirən Prof. Dr. Mehmet Yüce deyib.

Onun sözlərinə görə, bu konfrans həm də türk dünyasında elm və təhsil sahəsində əlaqələrin inkişafına mühüm dəstək verəcək, bu əlaqələrin inkişafına növbəti təkan rolunu oynayacaq: “Əslində, elə konfransın gündəliyinə baxanda orda müzakirə edilən məsələləri xatırlayanda dediklərimizin heç də əsassız olmadığı üzə çıxır. Çünki konfransın panel və sessiyalarında müzakirə edilən və günümüz üçün aktual olan yaşıl enerji, alternativ enerji kimi məsələlərdə türk dünyası elm adamlarının əməkdaşlıqları mühüm önəm kəsb edir. Yəni, bizlər elm adamları olaraq bir yol xəritəsi hazırlamalı, dövlət qurumlarına qəbul ediləcək qərarlarda yardımçı olmalıyıq”.

Müsahibimiz bildirib ki, digər tərəfdən bu cür tədbirlər türk dövlətlərinin universitetləri arasında əlaqələrin daha da sıxlaşması, həmçinin yeni əlaqələrin qurulması baxımdan önəm kəsb edir: “Bildiyiniz kimi bu konfransda müxtəlif türk dövlətlərinin universitetlərindən alimlər, müəllimlər, mütəxəssislər iştirak edirdi. Onlar təkcə çıxışçı kimi burda iştirak etmədilər. Eyni zamanda bu cür tədbirlər onların təmsil olunduğu universitetlərin gələcəkdə müxtəlif sahələrdə əməkdaşlığ üçün də müzakirə meydanına çevrilə bilər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.