BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Şteli ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. İsveçrənin əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biri olduğunu bildirən T.Musayev bu sahədə də əlaqələrin inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb. Çıxışının sonunda səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib”.
Daha sonra xəbərdə, “öz növbəsində T.Şteli iki ölkə arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulduğunu və bu müddət ərzində İsveçrə və Azərbaycan dövlətləri arasında əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb” deyə bildirilir.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
İlk şərhi yaza bilərsiniz