Közhan Yazğan: TUDİFAK Azərbaycanın peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynayır
BAYRAQDAR MEDİA – “33 il əvvəl fəaliyyətə başlayan və bu gün TUDİFAK adı ilə tanınan fakültə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır”.
Bunu Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazğan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad konfransındakı çıxışı zamanı deyib.
O, qeyd edib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsi (TÜDİFAK) Azərbaycanın peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynayır.
K.Yazgan vurğulayıb ki, TUDİFAK müasir Azərbaycanın ehtiyac duyduğu bilikli, bacarıqlı və təcrübəli insan resurslarının – beşəri kapitalın – yetişdirilməsi məqsədilə yaradılıb: “Bu günə qədər minlərlə tələbə türk dünyasına bağlılıq ruhunda yetişdirilib və türk iş dünyasının peşəkar kadrlara olan tələbatını təmin edilməsində mühüm rol oynayırlar və onlar türk dünyasının iqtisadiyyat sahəsində peşəkar kadrlara olan tələbatına uğurla cavab verirlər”.
Çıxışında konkret olaraq Bakıda keçirilən tədbirlə bağlı fikirlər də bildirən K.Yazğan deyib ki, fakültə eyni zamanda Türk dövlətlərindən alimləri bir araya gətirən elmi tədbirlərə ev sahibliyi edir: “TUDİFAK bununla bilik, fikir və təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilib. Türk dünyasında əməkdaşlığın inkişafı baxımından bu kimi təşəbbüslər böyük əhəmiyyət daşıyır”.





