Prof. Dr. Dinmukhamed Kelesbayev: Müəllimlər olaraq bizim üzərimizə düşən əsas vəzifə gənclərə birlik ideyasını, məfkurəsini aşılamaq, bu sahədə onlara yol göstərməkdir
BAYRAQDAR MEDİA – “Öncə onu deyim ki, bu tədbir olduqca mühüm əhəmiyyət kəsb edir. Konfrans həm elmi müzakirələr, həm gündəliyə çıxarılan məsələlərin əhatəliliyi, həm də ümumilikdə türk dünyasının bu sahədə də bir araya gələ bilməsi baxımından əhəmiyyətli tədbir kimi yadda qaldı”.
Bunu 16-17 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad konfransını BAYRAQDAR MEDİA üçün dəyərləndirən Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin müəllimi, Prof. Dr. Dinmukhamed Kelesbayev deyib.
O, qeyd edib ki türk dünyasının müxtəlif sahələrdə, xüsusi də elm sahəsində bir araya gəlməsi günümüzün aktual mövzularından biridir: “Bu yaxınlaşma həm də türk dünyasının daha dərin inteqrasiyası istiqamətində həyata keçirilən siyasətə bir dəstək xarakteri daşımalıdır. Çünki proseslərin kökündə elmi araşdırmalar elmi yanaşmalar dayananda, həmin proseslər daha sürətli reallaşır və uğurla tamamlanır”.
Qazaxıstanlı alimin sözlərinə görə, ümumiyyətlə elm, təhsil sahəsində həyata keçirilən işlər, araşdırmalar türk dünyasının özülünü hər keçən gün daha da gücləndirir möhkəmləndirir: “Müxtəlif elm sahələrinin, həmçinin ortaq universitetlərin, akademiyaların fəaliyyətə başlaması da bu sahəyə öz müsbət təsirini göstərir. Mən buna misal olaraq müəllimi oldum Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetini qeyd edə bilərəm. Bizim universitet bu sahədə həyata keçirilən işlərə dəstək verir. Həmçinin, “Manas” Qırğızıstan-Türkiyə Universiteti, Azərbaycan-Türkiyə Universiteti də eyni amala xidmət edir. Bu sıraya təbii ki, Beynəlxalq Türk Akademiyasını da əlavə etməliyik”,
Müsahibimiz deyib ki, ali təhsil ocaqları ilə yanaşı TÜRKSOY kimi qurumlar da türk dünyasının elm, təhsil və mədəni sahədə inteqrasiyanın daha da dərinləşməsində öz rolunu oynayır. Şübhəsiz bütün bunlar da türk dünyasında birlik ideyasının gənclər arasında daha da geniş yayılması, gənclərin bu məsələni ön sırada tutmasına öz müsbət təsirini göstərəcək. Müəllimlər olaraq bizim üzərimizə düşən əsas vəzifə təhsil alan gənclərə bu birlik ideyasını, məfkurəsini aşılamaq, bu sahədə onlara yol göstərmək, eyni zamanda türk dünyasının gələcək idarəçiləri kimi gənclərin daha fəal, daha bilikli yetişməsi üçün onlara dəstək olmaqdır. Yəni gənclər birməlidirlər ki, bu birliyin möhkəm olması üçün daha çox oxumalı, daha çox çalışmalıdırlar. Qısası, bizim türk dünyası olaraq bütün sahələrdə elmli, bilikli gənclərə ehtiyatımız var”.









