BAYRAQDAR MEDİA – Hər il olduğu kimi bu il də 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı müxtəlif tədbirlərlə yadda qaldı. Həmin gün istər Türkiyədə, istərsə də xaricdə bir çox tədbirlər keçirildi.
Təbii ki, 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı Azərbaycanda da yüksək çoşqu ilə qeyd edilib. Bu tarixi gün münasibətilə ilə tədbirlərin biri isə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya liseydən məlumat verilib.
Bildirilib ki, məktəbin həyətində keçirilən bayram tədbirində Türkiyənin Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazgan, liseyin direktoru Eylem Gültekin, müəllim və şagird kollektivi, həmçinin digər qonaqlar iştirak edib.

Vətən uğrunda canından keçən şəhidlərin ruhunun yad edilməsi, o cümlədən Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə meydan şagirdlərə verilib.
Öncə şagirdlərdən ibarət qruplaırn keçidi olub. Sonra əllərində Türkiyə və Azərbaycan bayraqları olan uşaqların ifa etdikləri mahnılar məraismi izləyənlərdə xoş əhval-ruhiyyə yaradıb.

Tədbir çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün “mən idmançının ağıllı, çevik və əxlaqlı olanını sevirəm” sözləri çərçivəsində şagirdlər tərəfindən maraqlı idman nümunələri göstərilib. Həmçinin, türkün gücünü nümayiş etdirən hərbi məzmunlu kompozisiya nümayiş etdirilib.









