BAYRAQDAR MEDİA – Mayın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyində duran məsələləri – “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununu (ikinci səsvermə) və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəyə təsdiq edilməsinin müzakirəsini diqqətə çatdırıb. Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov Ali Məclisin yaz sessiyasının 20 fevral 2025-ci il tarixdə keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun geniş müzakirə edilərək birinci səsverməyə çıxarıldığını və qəbul edildiyini bildirib”.
Məlumata görə, Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər 3 aydan sonra yenidən səsverməyə qoyulmalıdır: “Gündəlikdə duran məsələ ilə bağlı Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib. Müzakirə olunan məsələyə deputatlardan Emin Şıxəliyev, Kamil Şükürov, Təhminə Babayeva, Əziz Qasımov, Qafar Qənbərov və Xumar Məmmədova çıxış edərək münasibət bildirdikdən sonra qanun səsverməyə çıxarılaraq qəbul edilib. Bəxtiyar Məmmədov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına uyğun olaraq Konstitusiyaya dəyişikliklər haqqında qanun Ali Məclisin sədri tərəfindən imzalandıqdan sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək”.
Məluamtda deyilir ki, sonra gündəlikdə duran ikinci məsələnin – Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəyə təsdiq edilməsinin müzakirəsi olub: “Müzakirə zamanı Ali Məclis sədrinin birinci müavini bildirib ki, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə namizəd barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2025-ci il 20 may tarixli təklifi Ali Məclisə daxil olub. Təqdimat oxunub, namizəd haqqında ətraflı məlumat verildikdən sonra “Rafail Cəbrayıl oğlu Quliyevin Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı oxunub və səsə qoyularaq qəbul edilib. Rafail Quliyev çıxış edərək göstərilən etimada görə minnətdarlıq edib, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini bildirib. Bəxtiyar Məmmədov yeni vəzifəyə təyin olunması münasibətilə Rafail Quliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb”.
Bununla da Ali Məclisin iclası başa çatıb.
İlk şərhi yaza bilərsiniz