BAYRAQDAR MEDİA – Mayın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qardaş ölkənin nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Səfər çərçivəsində, həmçinin Zəfər parkı ziyarət olunub, Zəfər abidəsinin önünə əklil qoyulub. MN-də keçirilən görüşdə Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan münasibətlərin dinamik inkişafını qeyd edib. Müdafiə naziri qardaş ölkələrin dövlət başçılarının dostluq münasibətləri nəticəsində imzalanmış Şuşa Bəyannaməsinin icrası ilə bağlı həyata keçirilmiş tədbirlərin müsbət nəticələrini vurğulayıb. Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində, eləcə də bütün sahələr üzrə Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib”.
Sonra xəbərdə, “səmimi münasibətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən M.Tokel Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin salamlarını çatdırıb. O, strateji müttəfiqliyi özündə ehtiva edən hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini xüsusi vurğulayıb. Azərbaycan Ordusunun durmadan inkişaf etməsinin bariz şəkildə göründüyünü diqqətə çatdıran qonaq, bunun qardaş ölkə kimi Türkiyənin də sevincinə səbəb olduğunu bildirib. Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb” deyə bildirilir.
Görüşdə müasir dövrün tələbləri nəzərə alınmaqla texnoloji yeniliklərin tətbiqi ilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. Peşəkar kadr heyətinin hazırlanmasında qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif aspektlərinin müzakirə edildiyi görüşlərdə, həmçinin regional təhlükəsizlik və maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
İlk şərhi yaza bilərsiniz